"Əli İnsanovun müdafiəsi ilə bağlı da işlər görəcəyik"
Bu həftənin sonu Azərbaycanda yeni siyasi partiya təsis ediləcək. Bu barədə sabiq spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Publika.Az –a açıqlamasında deyib. Onun sözlərinə görə, ölkənin siyasi düşərgəsində, demokratikləşmək istəyən auditoriyasından yeni təşəbbüslə çıxış etmək üçün yaxın ətrafları ilə məsləhətləşmələr aparırlar: “Artıq taktiki, strateji məqsədlər, qarşıdakı fəaliyyətdə fikir ayrılığı yaranmaması üçün indidən işin sağlam görülməsi, ümumi fəaliyyətlə bağlı konsepsiya nəzərdə tutulur. Artıq bunun üzərinə iş gedir. İnanıram ki, həftənin sonuna bunları yekunlaşdırıb, cəmiyyətə təqdim edəcəyik”.
A.Şakiroğlu qeyd edib ki, yeni partiyanın ad və emblemi bu gün bəlli olacaq. Onun sözlərinə görə, hazırda iki ad üzərində dayanırlar: “Bir çox təkliflər var idi. Amma indiki məqamda iki adın üzərində dayanmışıq: Demokratik Yol Partiyası və “Yeni Nəfəs”. Mən inanıram ki, yeni partiyamızın adı “Yeni Nəfəs” olacaq. Bu barədə də demək olar ki, qərar verilib, amma bu qərarın rəsmiləşməsi qalıb.
Partiyanın İdarə Heyəti 13 nəfərdən ibarət olacaq. Dördünün yaşı 29-a qədər, dördünün yaşı 29-dan 40-a qədər, dördünün isə 40-dan 60-a qədər olan şəxslər İdarə heyətində təmsil olunacaqlar. Bu şəxslər Azərbaycanda kifayət qədər tanınmış, siyasi təcrübəsi, liderlik qabiliyyəti olanlardır”.
Partiyanın sədrinin kim olacağına gəlincə, A. Şakiroğlu deyib ki, bunu Təşkilat Komitəsi qərar verəcək. Amma özünün sədrlik iddiasının olmadığını da əlavə edib. A. Şakiroğlu bildirib ki, bu partiya Rəsul Quliyevin deyil.
“Bu partiya demokratik düşərgənin partiyasıdır. Təbii ki, Rəsul bəy də demokratik dəyişikliyi istəyən digər şəxslər kimi burda təmsil olunacaq. Biz gələcəkdə bütün siyasi qüvvələrlə, o cümlədən Rəsul bəylə əməkdaşlıq edəcəyik. Strateji baxımdan addımlar atacağıq. Burda kifayət qədər tanınmış şəxslər iştirak edəcək. Məqsədimiz Azərbaycanda qısa müddətdə demokratikləşmə prosesinə start verməkdir. İllərlə kabinetdə boş-boş oturub 20 il müxalifətdə qalmağı düşünmürük. Bunu əminliklə deyirəm və hamı görəcək. Hesab edirəm ki, Azərbaycanda iki il ərzində siyasi partiyalar arasında söz sahibinə çevrilən partiya olacağıq. Bu partiyada təmsil olunan şəxslərə arxalanaraq bunun belə olacağını deyirəm”-deyə o diqqətə çatdırıb.
Sabiq spikerin nümayəndəsi qeyd edib ki, Kəramət Salayevin sədrlik etdiyi “Doğru Yol” partiyası ilə də əməkdaşlıq edəcəklər: ““Doğru Yol” və “Yeni Nəfəs” partiyalar birlikdə addımlayacaq. Bu həftənin sonuna inanıram ki, elan edəcəyik. Amma yenə deyirəm ki, bu partiyanı birbaşa Rəsul bəyə bağlamaq birmənalı olaraq absurddur. Rəsul bəyin timsalında bir çoxları bu partiyada olacaqlar. Sadəcə olaraq, biz Rəsul bəyin də Azərbaycan qayıtması üçün əlimizdən gələni edəcəyik. Həmçinin siyasi məhbuslardan Əli İnsanovun müdafiəsi ilə bağlı da işlər görəcəyik. Həmçinin bir çox şəxslər burda olacaq”.


Şərhlər