İsveçrə hakimiyyəti hərbi məqsədlərlə istifadə edilə bilən və yüksək texnologiya əsasında hazırlanmış parçanın Rusiyaya satılmasına icazə verib. Virtualaz.org saytı “Alman dalğası”ına istinadən xəbər verir ki, antirusiya sanksiyalarına baxmayaraq bu materialın Rusiyaya ixracı baş tutub. Çünki müqavilə sanksiyalardan əvvəl - 2014-cü ilin avqustunda bağlanıb.
Bu parça radarlar tərəfindən aşkar olunmaqdan qoruyur. Onlardan maskalanmaq üçün torların, habelə stels-uniformanın hazırlanmasında istifadə oluna bilər. Bu uniforma onu geyinən hərbçiləri “gözəgörünməz” edəcək.
Parçanı Rusiyaya satan şirkətin adı açıqlanmır, məlumata görə sifarişi verən rusiyalı biznesmendir və onun hərbi sahə ilə əlaqəsi yoxdur.
Sövdələşmənin həcmi 85 milyon avrodur. İlk iki partiya artıq Rusiyaya çatdırılıb. Avropa İttifaqının digər ölkələri ikili təyinatlı məhsulların Rusiyaya satışını qadağan ediblər.
Beləliklə, obyekti gözəgörünməz edən parçanın Rusiyada hərbi məqsədlə istifadəsi gələcəkdə bu ölkənin xaricdə diversiya əməliyyatları həyata keçirən hərbi qruplarının imkanlarını qat-qat genişləndirə bilərdi.
Xatırladaq ki, Putin ötən il “yaşıl adamcıqları” - xüsusi təyinatlı geyimində olan, son texnologiyalar əsasında silahlanmış QRU “spesnazı”nı Krıma göndərəndə onların geyimindən tanınma nişanları çıxarılmışdı.
Nəticədə bu hərbi qüvvələrin Rusiyaya məxsus olduğunu sübut etmək xeyli müddət mümkün olmadı.


Şərhlər