İclas milli valyutanın stabilləşdirilməsi məsələlərinə həsr olunacaq
Bu gün KİV-in yaydığı məlumata görə, Gürcüstan Respublikasının parlamenti martın 13-də növbədənkənar iclas keçirməyə hazırlaşır. "AzPolitika.info"nun "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Georgi Merqvelaşvili müvafiq sənəd imzalayıb. İclas ölkənin milli valyutası olan larinin məzənnəsinin stabilləşdirilməsi məsələlərinə həsr olunacaq.
Gürcüstanın milli valyutası hələ ötən ilin noyabrından başlayaraq sürətlə qiymətdən düşməyə başlayıb. Ötən dövr ərzində ölkədə dollar lariyə nisbətdə 20 faiz sıçrayış edib, pik mərhələsində isə bu nisbət 30 faizə çatıb.
Ölkənin müxaliət nümayəndələri və ekspertlər dəfələrlə qeyd ediblər ki, milli valyutanın sürətlə dəyərdən düşməsi hakimiyyətin «yanlış iqtisadi siyasəti»nin məntiqi nəticəsidir.
Gürcüstanın maliyyə naziri Nodar Xaudri isə bəyan edib ki, ölkəsində iqtisadi böhran yox, maliyyə böhranı yaşanır və hakimiyyət tezliklə bu böhranı aradan qaldıracaq.
Bu ərəfədə Marqvelaşvili ölkəsinin müxalifət fraksiyası olan «Azad demokratlar»ın nümayəndələri ilə görüş keçirib və həmin görüşdə məhz müxalifət nümayəndələri parlamentin növbədənkənar iclasının keçirilməsini israrla tələb ediblər. Bununla yanaşı bazar ertəsi eyni tələblə digər müxalifət fraksiyası («Vahid milli hərəkat») da artıq ikincə dəfə prezidentə müraciət edib.
Bundan əvvəl, hələ fevralın sonlarında Merqvelaşvili parlamentin növbədənkənar iclasının keçirilməsi məsələsinə yox demişdi. Xəbər verilmişdi ki, Nazirlər Kabineti martın 5-ə qədər millii valyutanın stabilləşdirilməsi planını ictimaiyyətə təqdim edəcək. Amma bu vəd yerinə yetirilmədi.
Martın 6-da isə iqtisadi məsələlər üzrə prezidentin müşaviri Georgi Abaşişvili prezident adından nazirləri verilmiş vədi yerinə yetirməyə cağırıb. Amma onlar bu çağırışı da qulaqardına vurublar.


Şərhlər