PUTİNİN "XƏSTƏLİYİNİN" SƏBƏBİ DƏ TAPILDI, DƏRMANI DA... - "Onu aqressivləşdirən neftin qiyməti idi"

"Rusiya təhlükəli super dövlət yox, uzunmüddətli planlar qurmayan və yalnız neft satışından yığılan pullar hesabına təcavüzkar və ambisiyalı dövlətə çevrilən tipik bir neft ölkəsidir"

"Rusiya, Kreml və Putinin monolitliyi barəsində yürüdülən fikirlərdəki ən ciddi səhv elə məhz ondan ibarətdir ki, Putinin hakimiyyətinin bu 15 ili ərzində Rusiya heç də düşünüldüyü kimi monolit ölkə olmayıb. Realist düşüncələr və faktlar əsasında hazırlanmış nəzəriyyənin izahına və Kremlin davranışlarında müşahidə edilən qeyri-ardıcıllığa ciddi şəkildə diqqət göstərsək, onda Rusiyanın heç də təhlükəli nəhəng dövlət deyil, yalnız böyük neft ölkəsi olduğunu yaxşı anlayarıq". "AzPolitika.info"nun məlumatına görə bu haqda "The Washington Post" qəzetində dərc olunan məqalədə bildirilir. Məqalədə daha sona qeyd olunur:

"Politoloq Kallen Hendriks 153 ölkənin son 50 illik bir müddət ərzindəki davranışlarını araşdıraraq belə bir nəticəyə gəlib ki, neft ixrac edən ölkələr neftin qiyməti yüksələn kimi öz yaxın qonşularına qarşı əhəmiyyətli dərəcədə daha çox aqressivlik nümayiş etdirirlər. Əgər neftin bir barelinin qiyməti 77 dollar (2008-ci ilin alıcılıq səviyyəsinə görə) həddini aşırsa, onda neft ixrac edən ölkələr digərlərinə nisbətən 30% daha çox aqressiv olurlar. ABŞ-ın “Braun Universiteti”ndən olan politoloq Ceff Kolqan 1945-2001–ci illər arasında dövlətlərarası münaqişələrin hərbi güc yolu ilə həll edilməsi məsələsi üzərində analiz apararaq belə bir nəticə çıxarıb ki, Ümumi Daxili Məhsullarının 10 %-i neft satışı hesabına formalaşan ölkələr dünyanın ən davakar ölkələrinə çevrilirlər.

Nümunə kimi Boliviya prezidenti Evo Moralesin, Venesuela prezidenti Uqo Çavesin öz ölkələrindən ABŞ səfirini çıxarmaları, Venesuelanın Kolumbiya ilə müharibəyə hazırlıq üçün hərbi səfərbərlik elan etməsi və İranın Haması dəstəkləməsini qeyd etmək olar. Bundan başqa İraqın İranla müharibəyə başlaması, Liviyanın dəfələrlə Çada hücum etməsi də 1970-80–ci illərdə neftin qiymətinin yüksəlməsı ilə bağlı olan hadisələrdir.

Əgər məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, əslində belə bir nəticəyə gələ bilərik ki, Rusiya təhlükəli super dövlət yox, uzunmüddətli planlar qurmayan və yalnız neft satışından yığılan pullar hesabına təcavüzkar və ambisiyalı dövlətə çevrilən tipik bir neft ölkəsidir.

Hələ 2000-ci illərin əvvəlində neftin bir bareli 25 dollar olan zaman Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dostu idi və 2004-cü ildə NATO-nun genişlənməsinə qarşı qəti etiraz da etmirdi. Hendriksin araştırmasına görə, neftin qiyməti aşağı olduğu vaxtlarda neft dövlətləri özlərini məhz bu cür aparırlar. Həqiqətən də neftin qiyməti 33 dollardan aşağı olduğu zaman neft ixrac edən ölkələr, hətta neft ixrac etməyən ölkələrdən daha çox sülhpərvər görünürlər.

Beləki, 2002-ci ildə “Urals” markalı neftin bir barelinin qiyməti təxminən 20 dollar olanda, Putin, ölkənin əsas prioritet tədbirlər planı kimi Avropaya inteqrasiya olunmaq və Avropa Birliyi ilə vahid iqtisadi məkan yaratmaq naminə fəal əməkdaşlıq siyasəti yürüdülməsi barəsində Rusiya Federal Məclisinə müraciət ünvanlamışdı.

Ancaq 2014-cü ildə neftin qiyməti 110 dollar səviyyəsinə yüksələndə, Putin Avropa Birliyi ilə onun özünün dediyi və vaxtı ilə can atdığı həmin vahid iqtisadi məkanın yaradılmasına cəhd göstərdiyinə görə Ukraynanı cəzalandırmaq üçün bu ölkənin ərazisinə soxuldu. 2007–ci ildə neftin qiyməti ilk dəfə maksimum həddə - 75 dollara qədər qalxanda, Putin özünün məşhur Münxen nitqində ilk dəfə olaraq ABŞ hegemonluğuna qarşı çıxış etdi. Amma bu çıxışına baxmayaraq, o, ABŞ və Avropa ilə konstruktiv əməkdaşlıq münasibətlərinin qurulmasında maraqlı idi. Neftin qiyməti 100 dolları aşanda Putin özünün “Valday” klubundakı nitqində ABŞ-la hər hansı konstruktuv əməkdaşlığa getməkdən tam imtina etdi.

Sovet İttifaqı 1979–cu ildə Əfqanıstana daxil olduğu zaman neftin qiyməti həmin dövr üçün çox yüksəlmişdi. Rusiyanın 2008-ci ildə Gürcüstan və 2014-cü ildə Ukraynadakı avantüraları yüksək neft qiymətləri sayəsində, yəni neft dövlətlərinin aqressiv davranması haqqındakı nəzəriyyəyə əsasən baş verib.

Rusiyanın kənar bir müşahidəçiyə, yaşlaşan əhaliyə və zəifləyən iqtisadiyyata malik böyük dövlət təsiri bağışlamasına baxmayaraq, böyük pul ehtiyatı toplayan Kreml elitası qətiyyən bu cür düşünmür. Ancaq bunun əksinə olaraq, hakim elita Rusiyanı ABŞ və Çinlə bərabər səviyyədə tutmaqla yanaşı öz ölkələrini enerji nəhəngi, silah satışına görə dünyada ikinci yerdə gedən və sairə dövlət hesab edirlər. Bu ölkənin dövlət televiziya kanalları isə müntəzəm şəkildə, lazım gəldiyi təqdirdə Rusiya ordusunun bir neçə gün ərzində Şərqi Avropaya, Berlinə və ya Londona qədər gedə biləcəyi barəsində danışırlar.

“Kolumbiya Universiteti”nin beynəlxalq məsələlər üzrə professoru Robert Cervisin fikrinə görə, dövlətin əsas aparıcı postlarında əyləşmiş şəxslərin təsəvvürləri və onların reallığı necə təhrif etmələri, qəbul edilmiş hər hansı bir ümumi obyektiv fikirdən daha çox əhəmiyyət daşıyır".

Vaqif Nəsibov

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar