Elman Rüstəmovun manatın devalvasiyasına hazırlıq getdiyini xeyli əvvəldən bildiyi təsdiqləndi
Bu gün Britaniyanın nüfuzlu “The Financial Times” qəzeti Azərbaycana dair 3 məqalə ilə çıxış edib. Virtualaz.org saytı xəbər verir ki, məqalələrdən biri manatın devalvasiyası və ondan sonra gedən proseslərdən bəhs edir.
Müəllif Cek Farçi (Jack Farchy) fevral ayında - manatın devalvasiyası ərəfəsində Mərkəzi Bank rəhbəri Elman Rüstəmovla görüşüb.
“Fevralın ortasında bir cümə günü Mərkəzi Bankın sədri Elman Rüstəmov “The Financial Times” qəzetinə deyirdi: “İsti bir mətbəxə düşmüsünüz. Hər şey yanır”.
Elə həmin həftəsonu Mərkəzi Bank 2011-ci ilin ortasından bəri saxladığı manatın kursunu buraxdı. Bir həftə sonra isə manat dollara nisbətən 34 faiz ucuzlaşdı”.
Müəllif manatın devalvasiyasından sonra gedən proseslərdən bəhs edir.
“Yaxşı vaxtlarda kifayət qədər ehtiyat yığmışıq. Bu il ilk dəfə olaraq fondda azalmaq görə bilərik. Elə fondun rolu da budur. Bu konsepsiyanı sınaqdan keçiririk” - Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov “The Financial Times”in müxbiri ilə söhbətində deyib.
Ancaq cənab Mövsümov əlavə edib ki, fond 37 milyard dollarlıq ehtiyatının 10 faizindən də azını xərcləyəcək.
Müəllif yazır ki, hökumət devalvasiyadan öncə də gəlirlərini möhkəmləndirmək üçün addımlar atırdı - əmanət gəlirlərinə yüksək vergi qoymuş, maşın və yaxtalar kimi dəbdəbəli malların idxalına ödənişlər tətbiq etmişdi.
Baş bankirin fevralın ortasında “The Financial Times” qəzetinə bu açıqlaması bəzi qaranlıq suallara da aydınlıq gətirib. Belə ki, manatı qəfil ucuzlaşdırma qərarından Mərkəzi Bankın sədrinin əvvəlcədən xəbərdar olub-olmaması müzakirə mövzusu idi. Bunun da səbəbi Rüstəmovun devalvasiyadan az öncə verdiyi açıqlamalardı.
Bu haqda danışmazdan öncə, qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, Avronun isə 1.1950 AZN səviyyəsində müəyyən edildiyi bəyan olundu. Fevralın 20-də 1 ABŞ dolları 0,7862 manat, 1 avro 0.8934 manat idi. Beləliklə, bir gündə Manat Dollar qarşısında 33% (26,34 qəpik), Avro qarşısında isə təxminən 34% (30,16 qəpik) ucuzlaşdı. Manatın dollara nisbətdə ucuzlaşacağı gözlənilən olsa da, birdən-birə belə kəskin devalvasiyaya gedilməsi şok effekti verdi. Ən azı on görə ki, hökumət rəhbərləri devalvasiyanın mərhələlərlə aparılacağına dair xalqa təminat vermişdilər.
Konkret olaraq manatın ucuzlaşdırılmasından cəmi 3 gün əvvəl AzTV-yə çıxan Elman Rüstəmov Azərbaycanda kəskin devalvasiyanın gözlənilmədiyini bəyan etmişdi. Sitat: “Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur.Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq, biz bu addımı atmadıq. Birmənalı olaraq deyirəm ki, bu addım barədə heç DÜŞÜNÜLMÜR..."
Baş bankir çıxışı zamanı dəfələrlə manatın ciddi şəkildə ucuzlaşmayacağını bəyan edib. “Manatın uzunmüddətli ZƏİFLƏMƏSİ üçün bu gün heç bir amil yoxdur. İqtisadi praktikaya nəzər salsaq, bu, iki halda baş verə bilər. Birinci, əgər ölkənin ödəmə balansında davamlı defisit varsa. İkinci isə, bu şəraitdə ölkənin heç bir ehtiyyatlarının olmamasıdır. Lakin, Azərbaycanın ÜDM-nin 70%-nə yaxın bir səviyyədə valyuta ehtiyyatları var. Bir sözlə, bu iki fundamental amildən praktikada heç biri Azərbaycanda yoxdur” – deyə E. Rüstəmov bildirib.
Hətta aparıcının sualına cavab olaraq 1 dolların dəyərinin ilin sonuna qədər 85 qəpiyi keçməyəcəyini təsdiqləyib. Yaxın aylarda isə ümumiyyətlə ciddi artımın olmayacağını söyləyib. Ötən il Azərbaycanda inflyasiyanın 1,4% səviyyəsində olduğunu xatırladan AMB rəhbəri cari ildə də ölkədə inflyasiyanın birrəqəmli olacağını bəyan edib: “Sərəncamımızda olan bütün vasitələrdən istifadə etməklə, buna nail olmağa çalışacağıq”.
Ancaq Rüstəmovun bu dediklərindən cəmi 3 gün keçməmiş, manatın dəyəri 34 faiz ucuzladırıldı.Belə kəsgin ucuzlaşma isə təbii ki, Rüstəmova inanıb həm pulunu manatla saxılayan insanların, həm də son günlər manatla əməliyyatları davam etdirən bankların kəsgin ziyana düşməsinə səbəb oldu.
Cənab Rüstəmov manatın ucuzladırılmasına hazılıq getdiyi bir halda niyə televiziyadan bunun əksini bəyan etdiyini hələ də açıqlamasa da, onun belə bir qərarın veriləcəyini xeyli əvvəldən bildiyi artıq dəqiqdir. Hər halda baş bankirin fevralın ortasında “The Financial Times” qəzetinə açıqlaması da hökumətin manatın devalvasiyasına hazırlaşdığını göstərir. Onun müxbirə “İsti bir mətbəxə düşmüsünüz. Hər şey yanır” deməsi də bunun siqnalı hesab oluna bilər.
Məsələ ondadır ki, hökumət təmsilçiləri adətən xarici ölkələrin jurnalistlərinə inkişafdan, iqtisadi sabitlikdəən danışırlar. Elman Rüstəmov da buna qədər xarici və yerli mətbuata açıqlamalarında daha çox ölkədəki maliyyə sabitliyindən danışmağı sevərdi. Ən azı ona görə ki, bu sabitliyin təmin olunmasını məhz özünün uğuru kimi görür.
Ona görə də dünyada dolların möhkəmləndiyi, bir çox milli valyutaların dəyər itirdiyi bir dövrdə “The Financial Times” qəzetinə açıqlama verən baş bankir qarşıda ciddi devalvasiyanın olacağını bilməsəydi, yenə ölkədəki maliyyə sabitliyindən danışar, bununla öyünərdi. Ancaq bunun əksinə olaraq, Rüstəmov ölkədə ciddi bahalaşmya hazırlıq getdiyinə eyham vurub. Kifayət qədər savadlı mütəxəssis olan Rüstəmov bunu necə deyərlər, obrazlı ifadə edib: “İsti bir mətbəxə düşmüsünüz. Hər şey yanır” (Qeyd edək ki, manatın dəyərinin aşağı salınması ökədə ciddi bahalaşmaya səbəb olmaqdadır. Xaricdən idxal olunan malların qiyməti sürətlə artmaqdadır- istər ərzaq məhsuları olsun, istərsə də qeyri-ərzaq. Ərzaq bazarında böyük paya malik "Azərsun Holdinq" də qiymətləri artıracağını bəyan etdi. Yəni, hər şey doğrudanda "od tutub yanmağa" başlayıb.).
Əlbəttə, Elman Rüstəmovun Mərkəzi Bankın sədri kimi manatın devalvasiyasından əvvəlcədən xəbərdar olmasnda təəccüblü heç nə oxdur. Təəccüblü olan bunu bildiyi halda xalqa dəfələrlə manatın ciddi şəkildə ucuzlaşmayacağını bəyan etməsidir. Bu fatiki olaraq ölkə vətəndaşlarının aldadılmasıdır. İndi hər bir vətəndaşın haqqıdır ki, cənab Rüstəmovdan soruşsun: "Niyə bizi aldatdın, hörmətli Elman müəllim?"
Bu suala da Elman Rüstəmovun nə vaxtsa cavab verəcəyini ümid edirik.
İ. İsmayılbəyil
AzPolitika.info

Şərhlər