Menu

Hadı Rəcəblinin təkzib cəhdi - Təhrif varmı?

12.03.2015, 21:38
Hadı Rəcəblinin təkzib cəhdi - Təhrif varmı?

"Özüm də müəlliməm, bu adla fəxr edirəm, dərs deyirəm"

“Mən müəllim ailəsində böyümüşəm. Dörd qardaşımın xanımları, iki bacım, qızım, oğlanlarımın xanımları, həyat yoldaşım müəllimədirlər. Özüm də müəlliməm, bu adla fəxr edirəm, dərs deyirəm”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli sonuncu müsahibəsində müəllimlərlə bağlı fikirlərinin yaratdığı müzakirələrə cavab olaraq bildirib.

H. Rəcəbli qeyd edib ki, onun müsahibəsi qətiyyən müəllimlərə həsr olunmayıb: “Bəzi media orqanları bilərəkdən mənim dediklərimi kontekstdən çıxararaq, bunu müəllimlərə mənfi mənada yönəltməyə çalışıblar. Müsahibənin yalnız bir cümləsi tanıdığım bir müəllimin ustalığından bəhs edib”.

Deputat deyib ki, Azərbaycan prezidenti bu yaxınlarda müəllimlərin maaşlarının artması ilə bağlı sərəncam imzalayıb: “Bu söhbət gündəmdə buna görə ola bilər. Prezidentimiz müəllimlərin maaşlarının artırılması ilə bağlı mütəmadi sərəncamlar imzalayır. Müəllimlərin də digər sahələrdə çalışanlar kimi sosial rifahının yaxşılaşdırılması həmişə dövlətin gündəmindədir. Mənim müsahibəmin isə fəlsəfəsi odur ki, adamlar qənaətcil olmalı, çox pul qazanmaq üçün daha çox çalışmalıdırlar”.

H. Rəcəbli bildirib ki, o da əmək fəaliyyətinə 15 yaşından fəhlə kimi başlayıb: “Mənim müsahibəm müəllimlərə yönəlmiş deyil. Mən müsahibədə insanların əməkdən utanmalı olmadıqlarını, çalışmağa həvəsli olmalarını qeyd eləmişəm. Müsahibəni kontekstdən çıxarırlar. Həmin adamlara demək istəyərəm ki, təxribata, təhrikçiliyə son qoysunlar”.

H.Rəcəblinin bu təkzib cəhdi başadüşüləndir. Lakin necə deyərlər, toydan sonra nağara əhvalatını xatırladır. Çünki deputat öz fikrini kifayət qədər açıq demişdi. O, “Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır”, deyə bildirmiş, ardınca isə bir kənd müəlliminin dərcdən sonra hörgüdə işlədiyini misal çəkmişdi. Burdan çıxan məna isə açıq-aşkardır və mübahisəyə yer qalmır.

Lakin görünür ki, Hadı Rəcəbli necə böyük qəbahət işlədiyini gec də olsa anlayıb (və ya ona anladanlar olub) və səhvini müəyyən qədər düzəltmək istəyir.

V.Nəsibov

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol