Menu

Eynulla Fətullayev İlqar Məmmədova cavab verdi

13.12.2013, 17:31
Eynulla Fətullayev İlqar Məmmədova cavab verdi

“Ondan fərqli olaraq mən prezident olmaq istəmirdim”

ReAl Hərəkatının rəhbəri, hazırda həbsdə olan İlqar Məmmədov bu gün Avropa Şurası Parlament Assambleyasının deputatlarına açıq məktubla müraciət edib.

İ.Məmmədov öz müraciətində bunu xüsusi vurğu ilə yazıb: “Jurnalist Eynulla Fətullayevdən fərqli olaraq mənim hakimiyyətə təslim olmaq fikrim yoxdur. Özü də təkcə fəlsəfi baxışlarıma və özümün həyata olan münasibətimə görə yox. Həm də ona görə təslim olmayacam ki, Eynulla Fətullayevdən fərqli olaraq mənə verilən beynəlxalq dəstək daha böyükdür. Elə ölkə daxilində də mənə böyük dəstək var”.

İ.Məmmədov beynəlxalq ictimaiyyətin və Avropanın siyasi təsisatlarının diqqətini bu arqumentlə cəlb etməyə çalışıb. Onun bu fikirlərinə E.Fətullayevdən cavab gəlib.

E.Fətullayev virtualaz.org saytına açıqlamasında deyib ki, İ.Məmmədov indi azadlıqda deyil: “O, indi çox çətin vəziyyətdədir və mən bir insan kimi onun insani duyğularını, halını başa düşürəm. Qeyd etməliyəm ki, biz onunla yaxşı yoldaş və dost olmuşuq. Ölkədəki ictimai-siyasi vəziyyət və öz qərarlarım barədə fikirlərimi İlqarla tez-tez bölüşmüşəm, fikir mübadiləsi aparmışıq. Mən indi həmin söhbətlərimizin detallarına, xırdalıqlarına varmaq istəmirəm. Çünki İlqar hazırda həbsdədir və bu, onun vəziyyətini yalnız pisləşdirə, ağırlaşdıra bilər. Amma bunu deməliyəm: ilk növbədə İlqar özü də çox yaxşı bilir ki, mən heç kimə təslim olmamışam. Mən yalnız bir hakimiyyətdaxili qruplaşma ilə döyüşürdüm və İlqar da bunu çox yaxşı bilirdi. Məhz həmin qruplaşmaya isə mən dəqiq təslim olmamışam! Mənim heç bir siyasi ambisiyam olmayıb. Bütün şüurlu həyatım boyunca mən sadəcə jurnalistika ilə məşğul olmuşam, yazmışam, təhlil etmişəm, araşdırma aparmışam. İlqardan fərqli olaraq mən ölkənin prezidenti olmaq istəməmişəm və hakimiyyət uğrunda siyasi mübarizə aparmamışam. Bir daha təkrar edirəm ki, 2007-ci ildə yalnız bir hakimiyyətdaxili qruplaşma məni zərərsizləşdirdi. Və Allaha şükür ki, İlham Əliyev də vəziyyəti obyektiv təhlil edib ədaləti bərpa elədi. Mən həbsxanaya da jurnalist araşdırmalarıma görə düşmüşdüm. Heç vaxt siyasi fəaliyyətlə məşğul olmamışdım. Məncə, İlqar Məmmədovun apardığı analogiya, onun müqayisəsi yanlışdır. O, bu zaman emosional davranıb. Allah köməyi olsun, qapısını açsın...”

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol