Silahlı insidentin səbəbləri və təfərrüatları da məlum olub
Qəbələ rayonunda sahibkar öldürülüb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün baş verib. Qəbələdə baş verən silahlı insidentin təfərrüatları və hadisə iştirakçılarının adı məlum olub.
Qəbələ Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonda bizneslə məşğul olan Ariz Rəsulzadə ov tüfəngi ilə ortağı Eldar Kərimovu və Vasif Dadaşovu güllələyib. Hər iki şəxs aldıqları güllə yarasından keçinib.
İlkin məlumata görə, hadisəyə A. Rəsulzadə ilə E. Kərimov arasında mövcud biznes sövdələşməsi səbəb olub. Belə ki, E. Kərimov və A. Rəsulzadə ortaq olublar, sonradan bu ortaqlığa son qoyublar. Bütün məsələlər də bundan sonra başlayıb. Hər iki şəxs birgə işlətdikləri mağazadakı paylarını bölüşdürmək üçün məhkəməyə müraciət edib.
Məhkəmə mağazanın E. Kərimovda qalmasına qərar verib. Lakin A. Rəsulzadə məhkəmənin qərarına məhəl qoymayıb. Bu gün məhkəmə icraçıları mağazaya gedərək A. Rəsulzadəyə oranı boşaltmağı tövsiyə ediblər. Bu zaman iki ortaq arasında mübahisə düşüb və sonuc güllələnmə ilə nəticələnib.
Polisdən həmçinin bildirilib ki, hadisəni törədən A. Rəsulzadə saxlanılıb.


Şərhlər