Menu

RUSİYANIN İÇİNDƏ KXDR? - «Çeçenistan: izsiz müharibə...»

17.03.2015, 00:24
RUSİYANIN İÇİNDƏ KXDR? - «Çeçenistan: izsiz müharibə...»

Fransız jurnalist, rejissor xanım Manon Luazo «Çeçenistan: izsiz müharibə» adlı sənədli film çəkib. Filmin gizli şəkildə çəkildiyi bildirilir. Müəllif filmdə bu Kadırov Çeçenistanını «yalan və qorxu krallığı adlandırıb» və bildirib ki, bu ölkədə jurnalistləri diqqətlə izləyirlər. Rejissor bu barədə belə danışır: «Bura gələndən bir neçə gün sonra mən hiss etdim ki, bizi izləyirlər. Odur ki, burada qalmaq yox, gedib-gəlmək qərarına gəldim. Beləliklə, 12 dəfə gəlib getdim və hər dəfə də hiss etdim ki, izlənirəm. Bu sahədə mənim Rusiyada böyük təcrübəm var və mən o saat anlayıram ki, nə üçün səni qəflətən kimsə çəkir, dalınca şübhəli maşınlar gəlir, özünü tələbə adlandıran kimlərsə sənə təəccüblü suallar verir və s. Belədə, hər cür bicliklərə getməli olurduq ki, filmi çəkə bilək...»

Qeyd edək ki, bu yaxınlarda filmin Praqda premyerası keçirilib. Premyeradan sonra Manon Luazo «Azadlıq» radiosunun suallarını cavablandırıb. Azpolitika.info həmin müsahibəri bəzi ixtisarla oxucuların diqqətinə çatdırır.

- Çeçenistan barədə bu sizin 5-ci filminizdir. Siz ora nə vaxt gəldiniz?

- Mən 1997-ci ildə orada rus anaları çəkdim - onlar fərarilik edib Çeçenistanda gizlənən əsgərləri, öz oğullarını axtarırdılar. Sonra ikinci müharibəni çəkdim - doğum evi, insanların yoxa çıxması xronikası və s... Orada yoxaçıxma hələ də davam edir.

- Yeni filmin əvvəlində siz belə bir sual səsləndirirsiniz: Nə üçün uzun illər Rusiya ilə döyüşmüş Çeçenistan birdən-birə putinizmin dayağına çevrildi? Cavab necədir?

- Bu, gerçək şizofreniyadır. Mən orda müharibə vaxtı da, müharibədən sonrakı «konstitusiya qayda-qanununun bərpası» dövrü də oldum. O zaman insanlar «azadlıq, ya ölüm!» - deyə, qışqırırdılar. İndi isə çeçenlər prospekti Putinin adı ilə çağırırlar, Putinin doğum gününü bayram edirlər. Uzun illərin müharibəsi, itkin düşmələr (oğurlanmalar), işgəncələr hər kəsi artıq usandırıb. 15-20 il əvvəl tanış olduğum insanlarla yenidən görüşdüm. Onlar üçün indi müharibə illərində olduğundan qat-qat ağırdır. Çünki indi özləri özlərini öldürürlər! Artıq orada Rusiya ordusu yoxdur, «təmizləmə» əməliyyatları keçirilmir, əvəzində çeçenlər özününküləri öldürürlər. Hamı qorxur ki, qonşuları, hətta qohumları xəbər aparacaq - satacaq. Hər axşam səksəkə içndən gözləyirlər ki, kimsə qapını döyəcək. Müharibə hələ də davam edir...

- Sizin filmin qəhrəmanlarından biri deyir ki, Çeçenistan Rusiyanın daxilində bir KXDR-na (Koreya Xalq Demokratik Respublikası) çevrilib. Şişirtmə deyil ki?

- Bu rejim qorxu üzərində bərqərar olub. İnsanlar danışmağa qorxurlar. Başlanğıcda çeçen dostlarım deyirdilər ki, filmi çəkmək mümkün olmayacaq. Çünki heç kim indi qorxusundan azadlıq barədə danışmaq, ötən günləri xatırlamaq istəməyəcək. Bu, hər kəsə həyatı ilə risk etmək deməkdir. Buna baxmayaraq, biz danışmaq istəyən insanları tapdıq. Biz bu filmi İşgəncələrə Qarşı Komitənin köməyi sayəsində çəkə bildik. Komitə orada hələ də böyük işlər görür. Təəssüf ki, ötən il Komitənin ofisi yandırılıb...

- Filmdə bir ailə barədə söhbət açılır. Ailənin iki qızı itkin düşüb. Bu, nə vaxt baş verib və səbəb nədir?

- Bu hadisə ilyarım əvvəl baş verib. Situasiya qeyri-müəyyəndir. Onlar maşın yuyulan sexdə işləyiblər. Birdən hərbi maşınlar peyda olub, ardınca qışqırıq eşidilib. Səsə gələn sex rəisi qan gölməçəsi görüb, qızlar isə yoxa çıxıb. Çeçenistanda insanlar yoxa çıxır, buna görə heç kimi cəzalandıran yoxdur. Qızların anası Komitəyə gəlib, kömək isəyib - araşdırma istəyib. Qızların qardaşı nə isə öyrənməyə təşəbbüs göstərib, onu qorxudublar ki, bacıların ölümünü onun boynuna qoyub həbs edəcəklər. Bu qızların 25 yaşı varmış - cavan ana imişlər, uşaqları yetim qaldı. İndi bu işi «bağlayıblar»...

- Bu, siyasətlə bağlı deyil ki? Bəlkə, sadəcə, onları zorlamaq istəyiblər?

- Yoxaçıxmalar, işgəncələr Çeçenistanda çoxdan davam edir və artıq sistemli hala gəlib. Bu, siyasətlə bağlı deyil - ölkədə mövcud olan qorxu rejimi ilə bağlıdır.

- Sizdə belə bir qənaət varmı ki, sonda müharibəni Çeçenistan udub? Putinin özü Ramzam Kadırovdan çəkinir və sanki uduzulmuş müharibənin əvəzini Qroznıda tikilən «göydələn»lərlə çıxır. Siz onları çəkmisiniz. Onlar federal büdcədən ayrılan külli miqdarda vəsait hesabına ucaldılır. Pu pullar həm də Kadırov rejimini saxlamaq üçün ayrılır.

- Mən düşünmürəm ki, çeçenlərin əksəriyyəti Kadırovun tərəfindədir. Onlar sadəcə, buna məcburdurlar - sağ qalmaq üçün! Mən hesab edirəm ki, bu müharibəni Putin udub. O deyirdi ki, bu münaqişəni (müharibəni! - red.) çeçenləşdirmək lazımdır ki, çeçenlər bir-birini qırsınlar. İndi bax bu baş verir. Kadırov özü hər zaman təkrarlayır ki, o, Putinin yaxşı şagirdidir. Ola bilsin ki, Kadırov nə vaxisa nəzarətdən çıxsın. Fəqət, hesab edirəm ki, o, artıq öz vəzifəsini yerinə yetirib: Çeçenistanda sülh və əminəmanlıq yaranıb - qorxunun sayəsində. İndi müharibə Ukraynaya keçib və Rusiyaya çox lazımdır ki, Çeçenistanda belə rejim hələ yaşasın.

- Sizə elə gəlmirmi ki, indi bütün Rusiya Kadırov Çeçenistanına dönüb?

- Hələlik bu barədə danışmaq tezdir. Fəqət, Nemtsovun öldürülməsindən sonra bu qorxu (xof) ölkə böyu sürətlə yayılmağa başlayıb - artıq bütün sərhədləri aşıb. Çeçenistanda bir nəfər mənə dedi ki, burada eksperiment aparırlar, baxsınlar görsünlər ki, hansı nəticələri verir, sonra da bütün Rusiyada həyata keçirsinlər. Mən hesab edirəm ki, Rusiyada bu, artıq baş tutub. Yaxşı tanıdığım Anna Politkovskaya mənə dedi ki, Çeçenistan münaqişəsi rus cəmiyyətinin bütün qatlarına (sferalarına) sirayət edib - o, hər yerdədir. Ukraynada baş verənlər də bununla əlaqəlidir.

- İbrət götürüləsi haldır ki, bu gün Çeçenistan Putinin və Kadırovların çoxsaylı portretləri ilə bəzənib...

- Bu, sözün tam mənasında şəxsiyyətə pərəstişdir! Hər yerdə Putin, hər yerdə ata Kadırov, bir qədər az da Ramzan Kadırov. Deyilənə görə, o, haradansa oxuyub ki, bu, şəxsiyyətə pərəstişdir və öz portretlərini bir qədər yığışdırıb. Amma Qroznıdan çıxan kimi, yolboyu hər yerdə onun portretləri asılıb. İndi Çeçenistanda Putin prospekti, Kadırov prospekti, general Troşev küçəsi var. Bu, az şey deyil...

AzPorlitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol