Menu

“Məqsəd yalnız cəzalandırmaq deyil..." - Deputatdan həmin tələbə ilə bağlı paylaşım

17.09.2026, 13:48
“Məqsəd yalnız cəzalandırmaq deyil..." - Deputatdan həmin tələbə ilə bağlı paylaşım

“Birinci kurs tələbələrinin hədələnməsi ilə bağlı yayılan görüntülər ciddi narahatlıq doğurur. Tələbələrin təhlükəsizliyinin təmin edilməsi və universitet daxilində sağlam təhsil mühitinin qorunması, şübhəsiz ki, vacib məsələdir”.

“AzPolitika” xəbər verir ki, bu fikirləri deputat Ceyhun Məmmədov “Facebook” hesabındakı paylaşımında bildirib.

“Lakin belə hallarda yalnız tələbənin universitetdən xaric edilməsi ilə kifayətlənmək doğru yanaşma olmaya bilər. Çünki bir universitetdə tətbiq olunan bu cür sərt qərar digər ali təhsil müəssisələri üçün də presedent yarada və gələcəkdə oxşar hallarda eyni üsula müraciət edilməsinə səbəb ola bilər.

Xarici ölkələrin bir sıra universitetlərinin intizam qaydalarında da hədə-qorxu və fiziki təhlükə ilə bağlı davranışlar ciddi pozuntu hesab olunur. Bununla yanaşı, cəza tədbirləri adətən hadisənin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq mərhələli şəkildə müəyyən edilir. Xəbərdarlıq, intizam tədbiri, müəyyən müddətə təhsildən və ya kampusdan uzaqlaşdırma kimi tədbirlərdən sonra, daha ağır hallarda universitetdən xaricetmə tətbiq oluna bilər”, - deputat vurğulayıb.

C.Məmmədov qeyd edib ki, bu baxımdan, intizam tədbiri görülərkən hadisənin bütün halları, şəxsin davranışının xarakteri, real təhlükənin olub-olmaması və digər mühüm məqamlar hərtərəfli araşdırılmalıdır: 

“Məqsəd yalnız cəzalandırmaq deyil, həm də tələbənin səhvini anlamasına, davranışını düzəltməsinə və təhsilini davam etdirməsinə imkan verən mexanizmləri nəzərə almaq olmalıdır.

Universitetlər tələbələrin təhlükəsizliyini qorumalı, hədə-qorxu və zorakı davranışlara qarşı prinsipial mövqe nümayiş etdirməlidirlər. Eyni zamanda, intizam qərarları ədalətli, ölçülü və fərdi yanaşma əsasında qəbul edilməlidir. Universitetdən xaricetmə isə hər bir halda avtomatik tətbiq olunan deyil, ən ağır intizam tədbirlərindən biri kimi nəzərdən keçirilməlidir”.

Xatırladaq ki, “TikTok” sosial şəbəkəsində “leylakenan” adlı profildən canlı yayıma çıxan şəxslər ADMİU-nun birinci kurs tələbələri ilə bağlı aşağılayıcı ifadələr işlədiblər. Onlar universitetə yeni qədəm qoyan gəncləri hədələyərək, tələbələrə fiziki xəsarətlər yetirəcəklərini bildiriblər. Hətta bundan əvvəlki illərdə xəsarət yetirdikləri olduğunu xatırladıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol