Menu

FED QƏRARINI AÇLIQLADI, DOLLAR BAHALAŞDI... - Faiz dərəcəsi artırıldı

17.09.2026, 09:26
FED QƏRARINI AÇLIQLADI, DOLLAR BAHALAŞDI... - Faiz dərəcəsi artırıldı

ABŞ Federal Ehtiyat Sistemi (FED) son üç ildə ilk dəfə əsas faiz dərəcəsinin artırılması barədə qərar qəbul edib.

"AzPolitika" xəbər verir ki, FED-in Federal Açıq Bazar Komitəsinin sentyabrın 16-da keçirilən iclasında uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 3,75–4 faiz aralığına çatdırılıb. Qərar komitə üzvlərinin hamısının dəstəyi ilə qəbul olunub.

Bu, 2023-cü ilin iyulundan sonra ABŞ-da faiz dərəcəsinin ilk dəfə yüksəldilməsi deməkdir. Eyni zamanda, qərar FED-in yeni sədri Kevin Uorşun rəhbərliyi altında qəbul edilən ilk faiz artımı kimi diqqət çəkir. Uorş 2026-cı ilin mayında FED-in sədri vəzifəsinin icrasına başlayıb.

FED-in faiz artımında əsas amillərdən biri ABŞ iqtisadiyyatında inflyasiyanın hələ də yüksək olaraq qalmasıdır. Mərkəzi bankın açıqlamasında bildirilir ki, inflyasiya FED-in 2 faizlik hədəfindən yuxarıdır. Bununla yanaşı, ABŞ iqtisadi fəallığının sabit artdığı, daxili tələbin dayanıqlı qaldığı, məhsuldarlıq və kapital qoyuluşlarının güclü olduğu qeyd edilir.

Faiz qərarından sonra maliyyə bazarlarında da hərəkətlilik artıb. ABŞ dolları möhkəmlənib, qısamüddətli ABŞ dövlət istiqrazlarının gəlirliliyi yüksəlib. Faiz dərəcələrinin artırılması dollarla ifadə olunan aktivlərin gəlirliliyini yüksəltdiyi üçün, digər şərtlər dəyişmədiyi halda, ABŞ valyutasına tələbi də artıra bilər.

FED-in qərarı kredit bazarına da təsirsiz ötüşməyəcək. Faizlərin yüksəlməsi banklar və digər maliyyə institutları üçün borclanmanın bahalaşmasına, bunun ardınca isə kredit kartları, istehlak kreditləri və digər borclanma alətləri üzrə faizlərin yüksəlməsinə səbəb ola bilər. Əks istiqamətdə isə əmanət və digər faiz gətirən maliyyə alətlərinin gəlirliliyi arta bilər.

Mərkəzi bankın qərarı ABŞ iqtisadiyyatında qiymət artımlarının cilovlanmasına yönəlib. FED bildirir ki, qəbul edilən tədbir inflyasiyanın 2 faizlik hədəfə daha vaxtında qaytarılmasına kömək etməlidir. Bununla belə, qurum gələcək faiz qərarlarının iqtisadi göstəricilərin dinamikasından asılı olacağını vurğulayır.

FED-in faiz siyasətindəki dəyişikliklər yalnız ABŞ bazarı ilə məhdudlaşmır. Dolların qlobal ehtiyat valyutası olması səbəbindən FED-in qərarları beynəlxalq valyuta, istiqraz və səhm bazarlarında da əks-səda doğurur. Faizlərin yüksəldilməsi inkişaf etməkdə olan ölkələrin valyutalarına, kapital axınlarına və xarici borclanma xərclərinə də təsir göstərə bilər.

Beləliklə, FED-in son qərarı ABŞ-da inflyasiya ilə mübarizənin hələ də pul siyasətinin əsas istiqamətlərindən biri olaraq qaldığını göstərir. Qarşıdakı dövrdə bazar iştirakçılarının diqqəti FED-in növbəti iclaslarında faizlərin yenidən artırılıb-artırılmayacağına və bunun dolların məzənnəsi ilə qlobal maliyyə bazarlarına təsirinə yönələcək.

Elman İsmayıllı

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol