Menu

“ALMASIZ” SEÇKİ - Reytinqlər yeni Rusiya Duması barədə nə deyir?

17.09.2026, 13:03
“ALMASIZ” SEÇKİ - Reytinqlər yeni Rusiya Duması barədə nə deyir?

Sabahdan başlayaraq, 18-20 sentyabr tarixlərində Rusiyada vahid səsvermə günü (SVD) keçiriləcək. Bu seçkidə Dövlət Dumasının yeni tərkibi, 11 regionun rəhbərləri, eləcə də bir sıra vilayətlərdə yerli qanunvericilik orqanlarının və bələdiyyə şuralarının deputatları seçiləcək.

Rusiya rəhbərliyinin bu seçkiyə xüsusi önəm verdiyi aydın görünür və bu, istər Prezident Vldimir Putinin bölgələrə seçkiöncəsi səfərlərində, istərsə də hakim “Vahid Rusiya” partiyasının fəal seçki təbliğatında, hətta təbliğat çarxlarına XİN başçısı Sergey Lavrovun belə cəlb edilməsində özünü büruzə verir…

Beləliklə, 9-cu çağırış Dövlət Duması seçki nəticəsində qarışıq sistemlə formalaşdırılacaq: 225 yer partiya siyahıları əsasında, qalan 225 yer isə təkmandatlı seçki dairələri arasında bölüşdürüləcək. Seçicilər iki bülleten alacaqlar. Birində bir partiyanı, digərində isə öz dairələrində konkret bir namizədi seçəcəklər. Eyni zamanda, Rusiyanın 39 bölgəsində yerli qanunvericilik orqanlarına seçkilər keçiriləcək.

Federal seçki siyahısında on partiya olacaq: “Vahid Rusiya”, Rusiya Liberal Demokrat Partiyası (LDPR), Rusiya Federasiyası Kommunist Partiyası (KPRF), “Ədalətli Rusiya”, “Yeni Adamlar”, “Birbaşa Demokratiya”, “Yaşıllar”, “Pensiyaçılar”, “Rusiya Kommunistləri” və “Rodina” partiyaları. Əvvəlcə qeydiyyatdan keçmiş və müharibə əleyhinə çıxış edən yeganə müxalif partiya – “Yabloko” partiyası isə radikal mövqeyilə tanınan “Rodina” partiyasının iddiası əsasında Ali Məhkəmə tərəfindən partiya siyahısı üzrə seçkidən kənarlaşdırılıb. Qanunvericiliyə görə, Dövlət Dumasına daxil olmaq üçün partiya siyahısı beş faizlik səs həddini keçməlidir. Onu da qeyd edək ki, “Yabloko”nun seçkidən çıxarılmasına “nail olan” “Rodina”nın özünün bu həddi keçə bilməyəcəyi proqnozlaşdırılır…

Bəs bu seçkilərdən hansı nəticələri gözləmək olar? Əvvəlcə bundan öncəki seçkilərin nəticələrinə nəzər yetirsək görərik ki, 2021-ci ildə - müharibədən əvvəlki seçkilərdə hakim “Vahid Rusiya” partiya siyahısı üzrə səslərin 49,82%-ni toplamışdı. Üstəlik, 225 təkmandatlı seçki dairəsindən 198-ni əldə edən hakim partiya Dumadakı 450 yerdən 324-nü tutmuşdu. KPRF səslərin 18,93%-ni toplayaraq 57 yer, Ədalətli Rusiya - Həqiqət Uğrunda Partiya 7,46% səslə 27 yer, LDPR 7,55% səslə 21 yer və “Yeni Adamlar” 5,32% səslə 13 yer almışdı. Həmin seçkilərdə seçici fəallığı ölkə üzrə orta hesabla 51,72% təşkil edib. Ən yüksək seçici fəallığı Çeçenistanda (94,42%), Qaraçay-Çərkəzdə (89,36%) və Şimali Osetiyada (86,61%), ən aşağı fəallıq isə İrkutsk vilayətində (36,99%), Xakasiyada (37,55%) və Sankt-Peterburqda (37,61%) qeydə alınmışdı. Moskvada bu rəqəm 50,26% olub.

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) 7 sentyabr tarixinə olan məlumatına görə, indiki seçkidə 1603 namizəd qeydiyyatdan keçib. Onların arasında partiya seçki siyahısı üzrə seçkiyə buraxılmayan “Yabloko”-nun təkmandatlı sistem üzrə namizədliyini verən 122 təmsilçisi də var. Lakin bunlar əsasən partiyanın üzdə olan, tanınan simaları deyil və mandat qazanmaq üçün onlar səslərin yarıdan çoxunu yığmalıdırlar ki, bu da məlum şərtlər daxilində olduqca çətin görünür…

Bəs seçki öncəsi partiyaların reytinqləri, sorğular, proqnozlar nə göstərir? Rusiyada Kremlə yaxın sorğu mərkəzləri kimi tanınan VTsIOM və “İctimai Rəy Fondu” son sorğularının nəticələrini açıqalyıblar. Bu nəticələr seçici fəallığının 51-54% olacağını proqnozlaşdırır.

VTsIOM-un proqnozuna görə, “Vahid Rusiya” seçkidə səslərin 51-53% -ni, KPRF 13-15%-ni, “Yeni Adamlar” 9-11%-ini, LDPR 9-11%-ni, “Ədalətli Rusiya” isə 4-6% -ni alacaq. “İctimai Rəy Fondu”-nun göstəriciləri bir qədər fərqlidir – “Vahid Rusiya” 47-49%, KPRF 14-17%, LDPR 10-12%, “Yeni Adamlar” 8-9% və “Ədalətli Rusiya” 6-7%. Seçicilərin aktivliyi 54 faiz.

Bu qeyd edilənlər Kremlin gözlədiyi rəqəmlər kimi təqdim edilir. Müstəqil müşahidəçilər isə xüsusi olaraq qeyd edirlər ki, Kreml indiki seçkidə müharibədən əvvəl keçirilən seçkidəkindən daha çox səs toplamağa fokuslanıb. Çünki bu seçki həm də bir növ Ukraynadakı müharibəyə dəstək referendumu xarakteri daşıyır. Deməli, seçkidə fəallıq yüksək olmalı və hakim partiyaya daha çox səs verilməlidir ki, bu, müharibənin əhali tərəfindən dəstəkləndiyini göstərsin. Lakin məsələ ondadır ki, seçkidəki digər partiyalar da müharibəyə tam dəstək verir, bunun əleyhinə olan “Yabloko” isə seçkidən faktiki olaraq kənarlaşdırılıb. Bu addımın da məhz partiyanın anti-müharibə mövqeyinə görə atıldığına dair, yumşaq desək, “ciddi şübhələr var”...

Partiyaların reytinqlərinə gəlincə, yenə Kremlə yaxın sorğu mərkəzləri hakim partiyanın reytinqini 37.5 faiz, KPRF-in 13 faiz, “Yeni Adamlar”ın 10.5 faiz, LDPR-in 10 faiz, “Ədalətli Rusiya”nın 4.5 faiz göstərir.

Göründüyü kimi, bütün bu sorğu və reytinq siyahılarında “Yabloko”nun ümumiyyətlə, adı keçmir. Lakin müstəqil kimi tanınan “ExtremeScan” sorğu mərkəzi isə keçirdiyi sorğudan sonra Duma üzvlüyünə səsvermənin mümkün nəticələrilə bağlı tamamilə başqa bir mənzərə sərgiləyir – “Vahid Rusiya” 24 faiz, KPRF 16 faiz, “Yeni Adamlar” 11 faiz, LDPR 7 faiz, “Ədalətli Rusiya” 4 faiz. Bu sorğu mərkəzi rusiyalılara daha bir sual verib – “Adı bülletendə olsaydı, “Yabloko”-ya səs verərdinizmi”. Respondentlərin 18 faizi bu suala “bəli” cavbını veriblər. Bu, belə bir qənaət yaradır ki, “Yabloko” seçkiyə qatılsaydı, hakim “Vahid Rusiya” partiyasından sonra ikinci yeri tutardı və bu halda tamamilə başqa bir Duma ilə rastlaşa bilərdik. Belə bir parlamentdə müharibə əleyhinə səslər daha gur eşidilərdi. İndi isə bu səs yeni parlamentdə, əvvəlkində də olduğu kimi, demək olar ki, eşidilməyəcək.

Müstəqil sayılan mərkəzlərin seçki proqnozlarının reallaşması ehtimalına gəlincə, təcrübə göstərir ki, sonda onların yox, Kremlə yaxın sorğu mərkəzlərinin proqnozları özünü daha çox doğruldur…

C.Məmmədli

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol