Bakıda çevik iş saatlarının tətbiq edilməsi və iş qrafiklərinin dəyişməsi nəzərdə tutulur. Bu addım daha çox tıxacların qarşısını almaq məqsədi daşıyır.
Bəs görəsən, Bakıda tıxac problemi iş qrafiklərini dəyişməklə həll oluna bilərmi? Ümumiyyətlə, tıxacın qarşısını almaq üçün ilk növbədə hansı addımlar atılmalıdır?
Mövzunu "Azpolitika"ya şərh edən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, tıxac problemini aradan qaldırmaq üçün beyin institutları və aidiyyatı dövlət qurumları müəyyən addım atmağa çalışır:
"Aidiyyatı qurumlar üçün əsas nəqliyyatın idarə edilməsi, nəqliyyat axınlarının düzgün bölünməsi və kordinasiyanın təşkili, sıxlığın aradan qaldırılması, sürətli daşıma, çevik hərəkət trafikləri və digər amillər əsas götürülür. Digər tərəfdən, axınların idarə edilməsində əsas məsələ funksionallığın artırılmasıdır. Yəni ictimai nəqliyyatda kordinasiyanın təşkili, axınlar arasında qırılmaların aradan qaldırılması bir-biri ilə qarşılıqlı təmasın yaradılması və zəncirvari prosesin tənzimlənməsi vacibdir. Bu proseslərin idarə edilməsində xüsusi qaydalara əməl olunmalıdır. Ümumi rentabellik qorunmalı, avtobuslar arasında funksional bağlılıq yaradılmalıdır".
Ekspertin sözlərinə görə, xüsusi hərəkət zolaqları avtobusların sürətli və fasiləsiz hərəkətini təmin edir:
"Tıxacların aradan qaldırılması üçün Metro və dəmir yolu xətlərinin genişləndirilməsi mühümdür. Bu, sərnişinləri şəxsi avtomobildən imtinaya sövq edir. Eyni zamanda avtobus parkının yenilənməsi və intervalların qısaldılması ictimai nəqliyyata inamı artıra bilər. Həmçinin işıqforların və nəqliyyat axınının rəqəmsal idarə olunması tıxacları azalda, dar küçələrin genişləndirilməsi və alternativ yolların salınması yükü zəiflədə bilər. Mərkəzi küçələrdə ödənişli parklanmaların tətbiqi şəxsi avtomobil istifadəsini məhdudlaşdırır. Bu da istər-istəməz ictimai nəqliyyatdan geniş istifadəyə gətirib çıxardır və tıxacxların qarşısını almağa yönəlir. Qeyd edim ki, yeni iş qrafiklərinin tətbiqi də tıxacların qarşısının alınması istiqamətində mühüm addıma çevrilə bilər. Ancaq bunun üçün öncə düzgün mexanizm hazırlanmalı və tətbiq olunmalıdır. Əks halda iş qrafiklərinin dəyişməsi də Bakıda tıxacların qarşısını almağa kifayət etməyəcək".
Günəş Fərəh
Azpolitika.info


Şərhlər