Dekabrın 14-də Müsavat və KXCP rəhbərliyi arasında görüş olub. Görüş Müsavatın təşəbbüsü və KXCP-nin qərargahında keçirilib. Görüşdə Müsavatdan partiya başqanı İsa Qəmbər, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Ali Məclisin sədri Arzu Səmədbəyli və başqan müavini Gülağa Aslanlı, KXCP-dən isə partiya sədri Mirmahmud Mirəlioğlu, müavinləri Xəzər Teyyub, Nizami Əkbər, Ali Məclisin sədri Bəybala Əbil və partiya İdarə Heyətinin üzvü Oqtay Gülaliyev iştirak edib.
Görüşdən sonra Müsavat başqanı İsa Qəmbər “musavat.com”a bunları deyib: “Görüşdə demokratik düşərgənin perspektivləri, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olundu. Maraqlı, geniş və səmimi müzakirə alındı. Demək olar ki, bütün mövzular gündəmə gəldi. Demokratik düşərgənin gələcəyi, ölkənin Avrointeqrasiya məsələsi, 15 dekabr mitinqi və təbii ki, ikitərəfli münasibətlər müzakirə olundu. Müsavat tərəfindən KXCP-yə əməkdaşlıq sazişi imzalanması təklif olundu. Onlar da məsləhətləşmə aparıldıqdan sonra qərar verəcəklərini bildirdilər".
KXCP sədri Mirmahmud Mirəlioğlu da bildirib ki, görüşdə ictimai-siyasi vəziyyət, mitinq və ikitərəfli münasibətlər əsas müzakirə mövzusu oldu.


Şərhlər