Ermənistanın tert.am agentliyinin yaydığı məlumata görə Azərbaycan ordusunun xüsusi təyinatlıları martın 15-dən 16-na keçən gecə Qarabağda, Talış kəndi istiqamətində erməni qüvvələrinin mövqelərinə həmlə edib. Erməni mətbuatı iddia edir ki, guya erməni tərəf həmləni “vaxtında” aşkar edib və xüsusi təyinatlılarla döyüş başlayıb. Yarım saat davam edən döyüş zamanı Ermənistan ordusunun üç hərbçisi öldürülüb, yaralılar var. Sayt yazır ki, Ermənistan Müdafiə Nazirliyi əsgər analarının haqlı qəzəbindən qorxaraq bu itkiləri açıqlamır.
News.am saytı da Ermənistan ordusunun təmas xəttində gedən döyüşlərdə itki verdiyini təsdiqləyib.
Saytın yazdığına görə, “Dağlıq Qarabağ ordusu”nun hərbçiləri arasında yaralılar var, hazırda onların üzərində cərrahiyyə əməliyyatı gedir.
“Pastinfo” saytı isə döyüşlərdə 3 erməni hərbçisinin öldürüldüyünü təsdiqləyib. Hələlik Ermənistan Müdafiə Nazirliyi və Dağlıq Qarabağdakı qondarma rejim təmas xəttində baş verənlərə dair şərh vermir.
Erməni mətbuatı həlak olmuş əsgərlərin üçünün adlarını da açıqlayıb. Bunlar 1996-cı il təvəllüdlü Hakop Xaçatryan, 1995-ci il təvəllüdlü Eduard Hayrapetyan, 1995-ci il təvəllüdlü Arşak Harutunyandır.
"Anspress" isə Ermənistan mətbuatına istinadən xəbər yayıb ki, hadisə martın 15-16-da təmas xəttində atəşkəsin pozulması nəticəsində baş verib. Ermənistan ordusunda 3 nəfərin öldüyü bildirilir.
Amma Ermənistanın tanınmış jurnalisti Romella Mnasakanyan isə deyib ki, Ermənistan ordusu Ağdərənin Talış kəndində bu gün 10 nəfər itki verib. “Ermənistan rəhbərliyi erməni anaların qəzəbindən qorxaraq itkini gizlədir”, - deyə Romella Mnasakanyan vurğulayır.

Açıqlamada deyilir ki, martın 19-da cəbhədə baş vermiş döyüş toqquşması nəticəsində müdafiənin ön xəttində yerləşən əsgər və zabitlərimiz düşmənə ağır zərbə vuraraq 20-dək hərbi qulluqçusunu məhv edib və yaralayıb.
“Ermənistanın Müdafiə Nazirliyi cəbhədə ölən əsgərlərin analarının ölkənin hərbi-siyasi rəhbərliyinə qarşı qəzəbinin artmasından ehtiyat edərək uğursuz hərbi əməliyyatları və itkilərinin sayı barədə məlumatları qəsdən gizlədir, xalqın fikrini yayındırmağa çalışırlar.
Silahlı Qüvvələrimizin tank bölmələrinin heyətləri qarşısında çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov ermənilərin son vaxtlar cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə törətdikləri təxribatlara cavab olaraq bildirib ki, düşmən birmənalı olaraq anlamalıdır ki, o özgə torpağına soxulub və sağ-salamat qalmasının yeganə yolu işğal olunmuş Azərbaycan ərazilərini tezliklə və birdəfəlik tərk etməsidir.
Əks təqdirdə düşmənin cəbhədəki hər bir hərəkətinin qarşısı hərbi qulluqçularımız tərəfindən daha amansız alınacaq, vurulacaq zərbə isə ölümcül olacaq.
Müdafiə Nazirliyi bildirir ki, cəbhədəki döyüş toqquşması barədə təsdiqedici materiallar əlavə olaraq təqdim ediləcək”, - deyə açıqlamada qeyd olunur.
Qeyd edək ki, Müdafiə Nazirliyindən bildirilib ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 58 dəfə pozub. Düşmən cavab atəşi ilə susdurulub.
Rasim
AzPolitika.info


Şərhlər