ABŞ senatorları ukraynalılara «mübarizəyə davam dedilər», Brüssel isə Kiyevlə danışıqları dayandırdı
Kiyevdə Avrointeqrasiya tərəfdarları «Müstəqillik» meydanında (Maydan) növbəti izdihamlı mitinq keçiriblər. Ukrayna müxalifəti mitinqçilərin sayının 300 min olduğunu bəyan edib.
“Ləyaqət günü” adlandırılan sayca üçüncü “xalq yığıncağı” Bakı vaxtı ilə saat 14:00-da başlayıb. Mitinqin vaxtına təxminən iki saat qalmış Ukrayna mətbuatı məlumat yayıb ki, Maydana 50 min nəfər yığılıb, gələnlər davam edir, tribunada mahnılar və «Yaşasın Ukrayna!», «Yaşasın qəhrəmanlar!» şüarları səsləndirilir. Xalq yığıncağına Ukraynanın hər yerindən, hər yaş qrupundan insanlar axın edib. Onlar meydana ayrı-ayrı kalonlarla daxil olublar. Bir müddət əvvəl hakim Regionlar Partiyasından istefa verən deputat İnna Boqoslovskaya bildirib ki, etirazçılar «Bessarabski» meydanından «Avromeydan»a qədər olan ərazini tutmaq niyyətindədirlər. Mitinqdən əvvəl meydanda vərəqələr paylanmağa başlayıb. Vərəqələrdə qeyd olunub ki, meydanda dekabrın 17-dək qalmaq lazımdır.
Yanukoviç tərəfdarlarına buterbrod və isti çay...
Aksiya ənənəyə uyğun olaraq duaların oxunması ilə başlayıb. Təxminən 15 dəqiqə sonra da «Mariinski» parkında Yanukoviç tərəfdarlarının aksiyasına start verilib. Hökumətin aksiyasına gələnlərin sayı 100 minə yaxın olub. Aksiya müddətində onlara qarabaşaq, buterbrod və isti çay paylanıb.
«Avromeydan»da çıxış edən deputat Andrey Kojemyakin Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərliyini metro, vağzal və aerorportlara partlayıcı qurğular qoyulduğunu, terror olacağını yalandan iddia etməklə zabit şərəfini ləkələməməyə çağırıb. Yarım saat sonra aksiyayay gələnlərin sayı yüzminlərə çatıb. İnsanlar Maydana yerləşmədikləri üçün yaxınlıqdakı küçələrə sıxışıblar. Müxalifətdən olan «Azadlıq» Partiyasının sədri Oleq Tyaqnibok və deputat Pyotr Poroşenko aksiyaçılar qarşısında çıxış edib. Poroşenko bildirib ki, birinci gün Brüsseldə Avropa Birliyinin rəhbəri ilə görüşəcək. Deputat söz verib ki, Avropa Birliyi ilə Assosiasiya sazişi imzalanacaq.
Ali Radanın qarşısında 200 minlik mitinq
Tribunadan elan olunub ki, 200 min etirazçı Ali Radanın qarşısında mitinq keçirir. Yaxınlıqdakı parkda isə onların isinməsi üçün 30 hərbi çadır qurulub. Keçmiş daxili işlər naziri Yuri Lutsenko bildirib ki, birinci gün Ali Radada Yanukoviçin dekabrın 17-də Rusiyaya Putinlə görüşə getməsinin qarşısını almaq üçün səsvermə keçiriləcək.
Meydana gələnlərin sayı dəqiqəbəqiqə artıb və insanlar bir ağızdan dövlət himnini oxuyublar. «Batkivşina» Partiyasının sədr müavini Aleksandr Turçinov çıxış edərək bildirib ki, insanlar meydanda gecə-gündüz qalmalıdılar ki, hökumət nümayişləri dağıda bilməsin. O əlavə edib ki, 20-30 minlik kalonlardan biri Daxili İşlər Nazirliyinin, biri Təhlükəsizlik Xidmətinin, biri də Mərkəzi Seçki Komissiyasının binası qarşısında aksiya keçirir.
«Batkivşina» fraksiyasının lideri Arseni Yasenyuk bildirib ki, gələn həftə müxalifət nə olursa-olsun Ali Radada Nikolay Azarov hökumətinin istefasına nail olmağa çalışacaq: «Müxalifət bununla bağlı deputatlardan imza toplamağa başlayıb. Ya səsvermə yolu ilə Azarovun istefasına nail olacağıq, ya da Azarov özü ərizəsi ilə istefaya gedəcək, pensiyaya çıxıb 1124 qrivinini alacaq». Qeyd edək ki, dekabrın 3-də də oxşar səsvermə keçirilmiş, lakin Azarovu istefaya göndərmək üçün yetərli səs toplanmamışdı.
Makkeyn: «ABŞ sizinlədir, mən də sizinləyəm”
Bu arada, Ukraynaya gələn iki amerikalı senator - respublikaçı Con Makkeyn və demokrat Kris Merfi də «Avromeydan»a gəlib. Senatorlar mitinq iştirakçıları qarşısında çıxış edərək «mübarizəyə davam» mesacını veriblər. Makkeyn əvvəlcə aksiyaçıları yerli dildə təbrik edib, sonra isə çıxışını ingiliscə davam etdirib: “Bura gəlməyimizin səbəbi sizin dinc etirazlarınızın bütün dünyanı ruhlandırmasıdır. Ukrayna Avropanı, Avropa Ukraynanı daha yaxşı edəcək. Azad dünya, ABŞ sizinlədir. Mən də sizinləyəm”. Makkeyndən əvvəl isə “Maydan” da senator – demokrat Kris Merfi çıxış edib.
Makkeyn aksiyadan əvvəl Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin katibi Andrey Klyuevlə görüşüb. Qurumun binasında keçirilən və 40 dəqiqə davam edən görüşün detalları barədə rəsmi məlumat verilməyib. Lakin yerli mətbuat görüşlə bəzi məlumatlar əldə edib. Məlumatlara görə, srağagün Ukrayna prezidenti Viktor Yanukoviçin qərarı ilə vəzifələrindən azad edilən Kiyev Şəhər
Administrasiyasının (meriya) rəhbəri Aleksandr Popov, həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini Vladimir Sivkoviç Baş Prokurorluğa ifadələri zamanı göstərişi Andrey Klyuevdən aldıqlarını bildiriblər. Söhbət, 30 noyabr gecəsi «Avromeydan»ın dağıdılması və aksiyaçılara güc tətbiqindən gedir. Qeyd edək ki, hər iki məmur ölkənin Baş prokurorunun ərizəsi əsasında işdən uzaqlaşdırılıb. Onların 30 noyabr olaylarında iştirakının olduğu və vətəndaşların konstitusion hüquqlarını pozduğu bildirilir.
Makkeyn Timaşenkonun qızı ilə görüşdü
Makkeyn hazırda həbsdə olan Yuliya Timaşenkonun qızı Yevgeniya ilə də görüşüb. Yevgeniya senatora ölkədə yaranmış siyasi böhran və ondan çıxış yolları ilə bağlı anasının mövqeyini çatdırıb. Makkeyn isə öz növbəsində Ukraynanın yüksək rütbəli şəxslərinə sanksisiyaların tətbiqi məsələsinə baxıldığını bildirib. Söhbət, Timaşenkonu həbsə atanlardan və «Avromeydan» aksiyalarına güc tətbiq edənlərdən gedir. «Biz Ukrayna xalqının yanındayıq» deyən Makkeyn Timoşenkoya dəstəyini və onunla həmrəyliyini ifadə edib. Görüşdə ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett və Timoşenkonun vəkili Sergey Vlasenko da iştirak edib.
«Ukrayna daha Rusiya imperiyasının quberniyası olmayacaq»
Aksiyanın sonunda iki qətnamə qəbul olunub. Birinci qətnamə Yanukoviçdən Gömrük İttifaqına qoşulmamaq tələb olunur: «Qoy, Yanukoviç bizi keçmişə qaytarmasın. Gömrük İttifaqına qoşulmaqla bağlı sazişi imzalamağı ona qəti şəkildə qadağan edirik. Gömrük İttifaqı təkcə demokratik seçkiləri istisna etmir. O həm də, siyasi repressiyalar, sonsuz korrupsiya və çətin həyat şəraiti deməkdir. Gömrük İttifaqı «əbədi prezidentlərin birliyidir». Bu qurum yalnız bir ölkənin – Rusiyanın maraqları üzərində yaradılıb. Ukrayna daha Rusiya imperiyasının quberniyası olmayacaq. Ukrayna Avropa Birliyinin üzvü olacaq». İkinci qətnamədə isə həbsdə olan Yuliya Timoşenkonun azadlığa buraxılması tələb olunur.
Daha bir mitinqçi meydanda dünyasını dəyişdi
Dünən səhər saatlarında «Avromeydan»da daha bir mitinqçi dünyasını dəyişib. Kiyev milisinin mətbuat katibi Olqa Bilık bildirib ki, 1959-cu ildən olan mitinqçinin vəziyyəti səhər saat 10.40-da pisləşib. Təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Bilıkın sözlərinə görə, 54 yaşlı kişi böyük ehtimalla ürək tutmasından ölüb.
Avropa Birliyinin genişlənmə üzrə komissarı Ştefan Füle dünən sensasion bəyanatla çıxış edib. O, özünün «Tweeter» hesabında yazıb: “Avropa Birliyi Ukrayna ilə Assosiasiya müqaviləsi üzrə danışıqları təxirə salır. Ukrayna prezidenti və hökumətinin Assosiasiya müqaviləsilə bağlı fikir və hərəkətləri getdikcə daha ciddi şəkildə bir-birini inkar edir. Onların arqumentlərinin heç bir real əsası yoxdur”. Füle daha sonra bildirib ki, bir neçə gün əvvəl Assosiasiya sazişi ilə bağlı məsələləri Ukrayna baş nazirinin müavini Arbuzovla müzakirə edib: “Mən bildirdim ki, bizə Assosiasiya müqaviləsini imzalayacaqları ilə bağlı birmənalı cavab versələr, danışıqları davam etdirərik. Lakin mən ondan bu suala cavab ala bilmədim”.
Senatorlar Fülenin bəyanatından təəssüf edirlər
Hazırda Kiyevdə olan ABŞ senatorları dünən curnalistlər üçün keçirdikləri brifinqdə Fülenin bu bəyanatından təəssüfləndiklərini bildiriblər. Makeyn bildirib ki, bu xəbər onları narahat edir: «Hələlik vəziyyət tam aydın deyil. Çünki bazar günü Ukrayna hökaumət nümayəndələri ilə keçirilən görüşdə rəsmilər bildirdilər ki, Assosiasiya sazişinin imzalanması üçün danışıqlar davam edəcək». Senator Kristofer Merfi əlavə edib ki, Ukrayna qarşısında iki seçim var – keçmiş və Avropaya doğru gələcək: «Biz başa düşürük ki, dəyişikliklər asan olmur. Biz onlara dəqiq şəkildə bildirdik ki, cəmiyyət Avropaya doğru olan gələcəyi seçsə, ABŞ onları dəstəkləyəcək.
İsveçin xarici işlər naziri Karl Bildt isə dünən «Twitter» səhifəsində yazıb ki, Avropa Birliyinin qapıları Ukrayna ilə Assosiasiya sazişinin imzalanmasına açıqdır: «Saziş hazırdır, istənlən vaxt imzalana bilər». .
Müsavat başqanından Maydana dəstək
Kiyevdə səfərdə olan Müsavat Partiyasının başqanı İsa Qəmbər Maydanda, tribunada çıxış edib. İ.Qəmbər xalqların azadlığı prosesindən, bu prosesin Azərbaycandakı başlanğıcından, Rəsulzadə irsindən danışıb. O, deyib ki, bu gün Ukraynada yalnız Ukrayna xalqının deyil, digər postsovet ölkələri xalqlarının da taleyi həll olunur. İ.Qəmbər çıxışında vurğulayıb ki, iqtidarlar seçkiləri saxtalaşdıra
bilərlər. Lakin xalqlarınstrateji seçiminin qarşısını heç kim ala bilməz. Azərbaycan xalqı və müxalifəti adından Ukrayna xalqına böyük dəstək ifadə edən Müsavat başqanı "Azərbaycan və Ukrayna xalqlarının dostluğuna eşq olsun!" şüarı ilə çıxışını başa çatdırıb.
Bu arada isə məlum olub ki, Avropa Birliyi Urkayna ilə ticarət sazişi üzrə işləri dayandırıb.(azadlıq.info)
Şərhlər
Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Şərhlər