"Onu meşədə qoca bir kişi tapıb, polisə gətirib”
“Yeni ulduz” yarışmasının yadda qalan iştirakçılarından olan müğənni Vüqar Muradovun başına iş gəlib. Lent.az-ın məlumatına görə, “Adam içində” verilişinə qonaq olan jurnalist Tahirə Məmmədqızı bildirib ki, V.Muradov Moskvada döyülüb:“Vüqara beh verərək Moskvaya toya dəvət ediblər. Onun gediş-gəliş biletləri də alınıb. Moskvada 7-8 nəfər silahlı adamlar qarşılayıb, maşınla aparıb meşədə soyundurub döyüblər. Daha sonra meşədə qoca bir kişi onu tapıb, polisə gətirib”.
Hadisənin təfərrüatları barədə Lent.az-a açıqlama verən V.Muradovun yaxın dostu, iş adamı, bəstəkar Ruslan Əhmədoğlu bildirib ki, ifaçını Moskvaya toya təklif edən şəxs azərbaycanlı prodüser olub: “Vüqara Moskvadan təklif gələndə dedik, maraqlan, gör kimdir? O da dedi ki, toyu mənə təklif edən şəxs aşıq Samirənin keçmiş əri, prodüser Rizvan Məmmədovdur. Məhz toy Rizvan tərəfindən təklif olunduğuna görə, düşünmədən razılıq verdi. İndi biz aşıq Samirə ilə də əlaqə saxladıq, dedi ki, keçmiş əri Gürcüstandadır. Yəni, bizim bildiyimiz qədər, Vüqarı toy adı ilə Moskvaya dəvət edən şəxs Rizvan olub".

R.Əhmədoğlu onu da əlavə etdi ki, hadisə ilə bağlı Azərbaycanın Rusiyadakı səfirliyinin attaşesi Toğrul Mahmudova məlumat verilib.
Qeyd edək ki, “Yeni ulduz” yarışmasının iştirakçısı olan V.Muradova bir neçə gün öncə 1000 AZN beh müqabilində Moskvaya toya dəvət etmişdilər. Lakin naməlum şəxslər onu Moskvada hava limanında qarşılayaraq, meşəyə aparıb, orada soyundurub, döyüblər.


Şərhlər