İYİRMİ BİRİNCİ ƏSRİN FAŞİZMİ - Hitlerin və Putinin hakimiyyətə oxşar gəlişi

«İki yol qalır - ya getdikcə faşistləşmə, ya da iqtisadi çöküş və rejimin iflası»

Azadlıq radiosunun rus versiyasının saytında rusiyalı sosioloq-publisist İqor Eydmanın «XXI əsrin faşizmi» adlı məqaləsi dərc olunub (http://www.svoboda.org/content/article/26918804.html). Çağdaş rusiyada faşizmin baş qaldırma səsəbləri üzərinə işıq salmağa çalışan müəllif məqaləsində Almaniyada (XX əsr) və Rusiyada (XXI əsr) faşizmin baş qaldırma səbəblərini müqayisə edərək, oxucuların diqqətini oxşar paralellərə yönəldir.

Təkcə Rusiyada yox, ümumilikdə, bütöv Avrasiya məkanında bu mövzunun həyati əhəmiyyətini nəzərə alaraq, məqaləni bəzi ixtisarlarla oxucularımızın müzakirəsinə təqdim edirik.

Faşizm - yetişməmiş demokratiya xəstəliyidir. Bir sıra ölkələr bu xəstəliyə daxildə ənənəvi cəmiyyətlərin dağıldığı və hələ dayanıqlı demokratik institutların formalaşmadığı mərhələdə «yoluxub». XX əsrin birinci yarısında Almaniya, Avstriya, İtaliya, İspaniya, Rumıniya, Macarıstan və Portuqaliyada belə olub.

Rusiyada siyasi demokratiyanın inkişafı isə ölkədə bolşevik diktaturasının meydana çıxması ilə dayanıb. O zaman ölkə psevdokommunizm yoluna qədəm qoydu ki, bu da Rusiyanı şərq despotizminin arealına çevirdi.

Bu layihə iflasa uğrayandan sonra isə Rusiya cəmiyyəti psevdokommunizmin baş qaldırdığı əvvəlki duruma qayıtmalı oldu. Postkommunist Rusiyasının sisial-siyasi sistemi təxminən, XX əsrin orta inkişaf səviyyəsində olan Avropa ölkələrilə bərabər səviyyədə qərarlaşdı. Elə onlar kimi Rusiya da faşizm təhlükəsi ilə üzləşdi - inkişafın digər bir totalitar-bolşevik ssenarisini reallaşdırmağa başladı.

Almaniyanın 1918-1938-ci illər tarixi ilə Rusiyanın 1991-2015-ci illər tarixi arasında çox şey üst-üstə düşür. Bu, təsadüfi deyil və faşist tipli rejimlər üçün əlverişli sayılan sosial inkişafın səviyyəsindən şərtlənir.

Almaniya 1918 - Rusiya 1991

Müharibədəki məğlubiyyət (Birinci Dünya Müharibəsində - Almaniya, «soyuq müharibə»də Rusiya), ərazilərin itirilməsi, müstəmləkə imperiyasının iflası, milli aşağılanma hissləri, ölkə daxilində «antimilli liberal qüvvələrin arxadan zərbə vurması» barədə əfsanə, revanşa can atma...

Veymar Almaniyası - Yeltsin Rusiyası

Ölkədə geniş əhali kütləsinin həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsi, hiperinflyasiya, permanent iqtisadi, siyasi və mənəvi böhran. Ənənəvi dəyərlər sisteminin dağılması, həyatın kommersiyalaşması. Demokratiyanın xalqın gözündən düşməsi, demokratik dəyərlərin və institutların diskreditə olunması. Restavrasiya əhval-ruhiyyəsinin populyarlaşması (Almaniyada monarxiyanın, Rusiyada sosializmin). Hakim elitanın və özəl sektor elitasının eqoizmi. Sistemə qarşı baş qaldıran permanet təhlükə - soldan kommunistlər, sağdan isə millətçilər tərəfindən. Cəmiyyətin əhəmiyyətli hissəsi və elita tərəfindən demokratik sistemin yad və sırınmış (məcburi) mahiyyəti barədəki təsəvvürlər. Almaniyada elitanın nüvəsi monarxiyaçı, Rusiyada isə «sovetlər» olaraq qalır və onlar demokratik prosedurları mənasız məşğuliyyət hesab edirlər.

Hitlerin və Putinin hakimiyyətə gəlişi

Diktatorları böyük biznes və burjua siyasətçiləri hakimiyyətə gətirdi. Almaniyada - Şaxt, Krupp, Tissen, Papen və s. Rusiyada - Berezovski, Abramoviç, Çubays, Voloşin və s. Hakimiyyəti diktatorlara qoca və xəstə dövlət başçıları ötürdü: Hitlerə - Gindenburq, Putinə - Yeltsin. Maraqlıdır ki, bu məsələdə Gindenburqun oğlu, Yeltsinin isə qızı mühüm rol oynadı. Alman və rus oliqarxlarının gələcək diktatorları dəstəkləməsinin başlıca səbəbi isə onların kapitalı və müstəsna üstünlükləri qorumağa qadir və güclü hakimiyyətə meyl etməsi idi. Hər iki halda ümidlər yalnız ilkin mərhələdə doğruldu, sonradan isə oliqarxlar acı peşmançılıq keçirməli oldular. Bu mənada, Tissenin və Berezovskinin tarixcəsi bir-birinə çox oxşayır...

Faşist rejiminin qurulması

Burada əhəmiyyətli miqdari fərq (keyfiyyət fərqi yox) açıq-aydın görsənir. Almaniyada faşist rejimi Hitlerin hakimiyyətə gəlməsindən sonrakı bir ildə quruldu. Rusiyada isə bu proses artıq 15 ildir ki, gedir və hələ də başa çatmayıb. Bu məsələdə diktatorun şəxsiyyəti və ölkələrin mədəni xüsusiyyətləri rol oynayır. Hitlerdən fərqli olaraq, Putin ənənəvi siyasi mühitdən çıxmamışdı. Gerçək populyarlıq və siyasi səriştənin olmaması Putinə imkan vermədi ki, diktator səlahiyyətlərini tezliklə öz əlində cəmləşdirsin və mahiyyət etibarilə faşist layihəsinin gerçəkləşdirilməsi işinə cəmiyyəti səfərbər etsin. Digər tərəfdən, o da məlumdur ki, elə Stalin də mütləq hakimiyyətin terror rejimini qurmaq üçün 15 il vaxt sərf etmişdi.

Amma bir atalar məsəlində deyildiyi kimi, «ruslar arabanı ləng qoşur, amma bərk sürürlər». 2014-cü ildə Putin özünü eksperiment üçün yetərincə güclü hiss edən kimi, ölkədə faşistləşmə prosesi sürətləndi və geniş vüsət aldı. Krımın ələ keçirilməsi onu gerçək peşəkar siyasətçiyə - «millətin fürerni»nə, cəmiyyəti hər cür avantüraya «qovan» birisinə çevirdi.

Hitler (1939-cu ilə qədər) və Putin rejimləri

Almaniya və Sovet imperiyalarının çöküşü diktatorlar tərəfindən «nəhəng qeopolitik fəlakət» (Putin üçün SSRİ-nin dağılması) kimi dəyərləndirilir. Sələflərin məğlubiyyəti nəticəsində beynəlxalq aləmdə yaranmış «qarşıdurma»da revanş götürmək, hər iki ölkənin əvvəlki statusunun bərpası («tarixi sərhədlər» daxilində) məsələləri onların siyasətinin əsas məqsədinə çevrilir. Revanşizmin nəticəsi - aqressiv anneksiya xarici siyasəti. Bu siyasəti əsaslandırmaq üçün diktatorlar «bütün almanların bir dövlətdə birləşdirilməsi» və ya bütün rusdilli insanların «Rus dünyası» çərçivəsində Rusiyanın «çətiri altına» alınması kimi rıçaqlardan istifadə edirlər. İlk qurbanlar: qonşular, əvvəllər almanların idarəçiliyi altında olmuş ərazilər (Avstriya və Çexoslavakiya - Almaniya üçün) və Gürcüstan və Ukrayna - Putin Rusiyası üçün.

Hər iki ölkənin iqtisadiyyatında dövlət inhisarçı kapitalizmi sistemi qurulub. Dövlət bürokratiyası biznes üzərində sərt nəzarəti həyata keçirir. Hakimiyyət özünün «əhlləşdirmiş olduğu» iri kapital üzərində öz iradəsini diktə edir («alman iqtisadiyyatının baş şurası» vasitəsilə - Almaniyada, dövri olaraq Putinin yanında keçirilən oliqarxların iclasları vasitəsilə - Rusiyada). Böyük biznes və siyasi elita qaynayıb-qarışaraq - birikib. Mahiyyət etibarilə, onlar bir vahidə çevrilib.

Hər iki ölkədə «milli lider»in avtoritar hökmranlığı bərqərar olub. Hakimiyyət bölgüsü, real çoxpartiyalılıq və seçkilər sistemi faktiki olaraq, məhv edilib (Hitler Almaniyasında - rəsmən, Putin Rusiyasında isə de-fakto). Müxalifətin qalıqlarına yönəlik qorxutma və terror siyasəti həyata keçirlir (hələlik Putin Rusiyasında ara-sıra). Xüsusi xidmət strukturları cəmiyyət üzərində böyük təsir gücünə malikdir.

Əsas KİV-lər hakimiyyət yönlü təbliğat aparır, cəmiyyət daxilində militarizm və ksenofob ideologiya toxumları səpir. «Düşmən» ölkələrə yönəlik nifrət hissləri qızışdırılır, müxalifətçilər sıxışdırılır, parazit ünsürlər onların üzərinə qaldırılır...

Beləliklə, Rusiyada proseslərin inkişafının iki variantı mövcuddur: ya faşistləşməkdə davam etmək (ölkəni terrorla, dünyanı isə müharibə ilə hədələməyi vəd edir), ya da iqtisadi çöküş və Putin rejiminin iflası...

Redaksiyadan: Gözləyək, görək, rus xalqı hansı variantı seçəcək...

Çevirdi: Mirzə AĞ

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar