Menu

Əli Nağıyev Sirus Təbrizli ilə bağlı xatirələrini danışdı

10.09.2013, 13:13
Əli Nağıyev Sirus Təbrizli ilə bağlı xatirələrini danışdı

«Onunla dost olmamışam, amma silahdaş olmuşuq»

Dünən Təzə Pir Məscidində Milli Azadlıq Hərəkatının tanınmış simalarından, hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan sabiq mətbuat və informasiya naziri Sirus Təbrizlinin 3 mərasimi keçirilib.

Hüzr məclisində ictimaiyyətin tanınmış simaları, YAP-ın qurucuları, siyasi və ictimai qurumların təmsilçiləri, millət vəkilləri iştirak ediblər. Gün ərzində təxminən 1000 nəfərə yaxın şəxs mərasimə qatılıb.

Onların arasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev də vardı. Mərasimdə diqqəti çəkən məqamlardan biri də Sirus Təbrizlinin YAP-dakı veteran dostlarının orada olması oub. Belə ki, Heydər Əliyevin hakimiyyəti dönəmində hökumətdə müxtəlif vəzifə tutan və millət vəkili olan şəxslər bir masa ətrafında cəmlənib. Sabiq nazir Əli Nağıyev “Bizim Yol”un əməkdaşı ilə söhbətində Sirus Təbrizli haqda xatirələrini danışıb. Deyib ki, Siruz Təbrizli ilə ilk dəfə 1992 -ci ilin iyununda tanış olub: “Biz həmin dövrdə yaş senzi ilə bağlı keçirdiyimiz mitinqlərdə birlikdə olmuşuq. Sonradan YAP-ın yaradılması prosesində birgə işirak etdik. Mən iyunun 13-də bir qrup görkəmli ziyalılarımızla- Fərəməz Maqsudov, Murtuz Ələsgərov, Ziya Bünyadovla Naxçıvana Heydər Əliyevin yanına getdik. Biz xahiş eləmişdik ki, partiya yaradaq və sədri olsun. O nə “hə”, nə də “yox” dedi. Biz anladıq ki, prinsipcə razıdır.

Sonradan mən iyunun 22-də yenidən qayıtdım. Heydər Əliyev bildirdi ki, partiya ilə bağlı Sirus Təbrizli ilə əlaqə saxlayım. Bildirdi ki, Sirus Təbrizli partiya üçün ad fikirləşib. Mən Bakıya qayıdanda yenidən Sirus Təbrizli ilə görüşdüm. Bir sözlə, onu YAP-ın quruculuğunda xidmətləri olan bir şəxs kimi tanıyıram. Dost olmamışam, amma silahdaş olmuşuq. Münasibətlərimiz reallığa söykənib”.

Əli Nağıyev Sirus Təbrizliyə qarşı YAP-da haqsızlıq edilməsi barədə suala belə cavab verib: “Mən o dövrdə Bakıda yox idim. Proseslərin içində də deyildim. Partiya rəhbərliyinin adından danışa bilmərəm. Amma bu gün mövzu bu deyil”.

“91-lər”in digər bir təımsilçisi, sabiq deputat Südeyif İmamverdiyev də Sirus Təbrizli itkisinin ağır olduğunu deyib: “O, Milli Azadlıq Hərəkatında öz sözü ilə tanınıb. YAP-ın qurulmasında, Heydər Əliyevin hakimiyyətə gəlişində müstəsna xidmətləri olub. Onun ölümü böyük itkidir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol