Ukrayna prezidenti Viktor Yanukoviçin Moskvaya bugünkü səfəri çərçivəsində iki ölkə arasında ticari məhdudiyyətlərin nizamlanmasına dair plan təsdiqlənib. Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ikitərəfli ticarət haqda imzalanan sənəd dövlətlərarası komissiyanın Moskvada keçirilən 6-cı iclasının yekunlarından biri olub. Ümumilikdə isə 14 sənəd imzalanıb.
İclasda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva və Kiyevin ticarət planı Ukrayna məhsullarının Rusiyaya və digər Gömrük İttifaqı ölkələrinə göndərilməsini dəfələrlə artıracaq.
Qeyd edək ki, Ukrayna məhsullarına Rusiyanın qoyduğu məhdudiyyətlər Kiyevi Gömrük İttifaqına sövq eləmək məqsədi güdürdü.
Bundan əlavə, imzalanan sənədlərdən birinə görə, Rusiya Ukraynaya satdığı təbii qazın qiymətini min kub metr üçün 268,5 dollara endirib.


Şərhlər