Naxçıvanın Sədərək gömrük-keçid məntəqəsinin rəisi Mirməhəmməd Seyidov Türkiyədə həbs edilib. Musavat.com-un Haberler.com-a istinadən verdiyi məlumata görə, Naxçıvanla sərhəddəki Dilucu gömrük keçid məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində o, Qarsda tutulub. Mirməhəmməd Seyidov təyyarə ilə Qarsa gedib. Təyyarədən enən kimi onu Qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin əməkdaşları həbs ediblər. Gömrük rəisini Qarsdan İğdıra aparıblar. Azərbaycanın İğdırdakı konsulu Asiman Əliyev də polis şöbəsinə gedib.
Türkiyə mətbuatı yazır ki, Dilucu sərhəd-keçid məntəqəsində keçirilən əməliyyat İstanbulda 3 nazir oğlu da daxil olmaqla 50-dən çox məşhur iş adamının və yüksək vəzifəli məmurun həbs edilməsi əməliyyatının bir hissəsi olub. Dekabrın 17-də səhər saatlarında başlayan əməliyyat Naxçıvan gömrüyünün əsas strukturlarından birinin-Sədərək gömrüyünün rəisinin həbs olunması ilə müşaiyət olunub. Xəbərlərə görə Mirməhəmməd Seyidov İstanbuldan təyyarə ilə Qarsa uçub və Qars aerportunda təyyarədən enəndə onu yerli polisin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları “qarşılayıb”. Əlləri qandallanan gömrük rəisi dindirilmək üçün Qars polis idarəsinə aparılıb. Polisdən gömrük rəisinin həbsi ilə bağlı açıqlama verilməyib, ancaq hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib ki, Seyidov Qars gömrük məmurlarına rüşvət verilməsi, qaçaqmalçılıq və korrupsiya cinayətlərinə görə saxlanılıb.
Türkiyə mənbələri xəbər verir ki, Emniyyət Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyinin əməliyyatçıları 1 ilə yaxındır Mirməhəmməd Seyidov da daxil olmaqla Naxçıvanla sərhəddəki gömrük məntəqəsində işləyənləri izləyirmiş. Həbs olunanların telefon danışıqları dinlənilib və hərəkətləri izlənilib. Seydovun İstanbula hansı məqsədlə getdiyi məlum deyil. Ancaq istisna deyil ki, gömrük rəisinin Türkiyəyə hansısa iş üçün dəvət edilməsi onun həbsi üçün qurulmuş əməliyyatın bir hissəsi olub.
Xəbərə görə polis basqını görən türkiyəli gömrük məmuru içərisində 71 min TL məbləğində valyuta olan paketi pəncərədən küçəyə atıb. Əməliyyat Dilucu sərhəd-keçid məntəqəsi, İğdırda və Aralıq qəsəbəsində 280 polisin iştirakı ilə keçirilib. Həbs olunanlardan biri qadındır, 7-i gömrüm işçisi, 10 nəfər isə nəqliyyat firmalarının sahibləridir. Həbs olunanların evlərində və iş yerlərində axtarış aparılıb. Nəqliyyat firmalarının sahiblərinin evlərindən yüz minlərlə dollar, çoxlu sayda imzalı, ancaq üzərində məbləğ göstərilməyən ödəmə sənədləri, neft məhsullarının qaçaqmalçılığını təsdiqləyən sənədlər və silah tapıblar.
İlkin dindirmə zamanı bəzi gömrük məmurları iddia ediblər ki, rüşvəti məcburən alıblar. Çünki nəqliyyat firmasının sahibləri rüşvət almayan gömrük məmurlarını döydürürmüş. Saxlanılanlar bu gün məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, Dilucu sərhəd keçid məntəqəsində 280 polis əməkdaşının iştirakı ilə böyük əməliyyat keçirilib. Əməliyyat zamanı 7 gömrük işçisi (1-i qadındır) 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər həbs edilib.
Azərbaycan-Türkiyə sərhəddinin qarşı tərəfində keçirilən bu həbslərin Azərbaycana qədər uzanması isə heç də təəcüblü deyil. Məsələ ondadır ki, uzun illərdir bu gömrük məntəqəsində çox böyük miqyaslı korrupsiya, rüşvət var. Bunu isə Azərbaycan və Türkiyə gömrükçüləri əlbir halda həyata keçirirlər.
Sədərək gömrüyünün müdirinin belə gərgin bir vəziyyətdə Türkiyəyə niyə getdiyi isə çox maraqlıdır.
V.Nəsibov


Şərhlər