Almaniyalı tarixçi və Rusiya üzrə tanınmış mütəxəssis Karl Şlyöqel Avstriyanın “Der Standard” qəzetinə müsahibəsində Vladimir Putini böyük siyasətçi saymadığını deyib və rusiyalıları öz üzərlərinə düşən məsuliyyəti yaxşı anlamağa, ukraynalılara hörmətlə yanaşmağa çağırıb. AzPolitika.info maraqlı müsahibəni qısa ixtisarla təqdim edir.

- ”Belə böyük ölkənin idarə olunması üçün Putin hədsiz kiçik fiqurdur”. Beş il bundan əvvəl, Siz bu fikirləri söyləyən zaman, Rusiyanın inkişaf etdirilməsi üçün Putinin qabiliyyət və bacarığının yetmədiyini nəzərdə tutmuşdunuz. İndi isə taleyin kinayəsinə görə, deyəsən, Rusiya “böyük” Putin üçün çox kiçik görünür...

- Mən əvvəlki kimi, yenə də hesab edirəm ki, bu adam Rusiyanın qarşısında dayanan çətin məsələlərin həll olunmasının öhdəsindən gələ biləcək şəxs deyil. Mən heç vaxt olmadığı kimi buna tam əminəm. Bir ölkə kimi Rusiyanın necə təşəkkül tapması məni daha çox maraqlandırıb. İndi mən, tarixin bəzən müəyyən fiqurlardan asılı olduğunu anlamağa başlayıram.

- Bəzi adamlar ciddi şəkildə hesab edirlər ki, Rusiyanı Putinsiz anlamaq mümkün deyil. Başqa sözlə belə ifadə etmək olar ki, Kremlin sahibi Rusiya tarixinin və mədəniyyətinin xüsusi məhsuludur. Yəni, əgər Putinin yerində başqa bir şəxs olsa idi, o da anoloji şəkildə fəaliyyət göstərəcəkdi.

- Müəyyən qədər Putin kimlərinsə gözləntilərini doğruldan fiqurdur. O təəsürat yaratmağı bacarır, həm də ki, Qərbə qarşı enerjili və sərt münasibət göstərir. Onun bəxtinə neft və qazın hesabına Rusiyaya axan pullar sayəsində əldə olunan böyük gəlirlərin bölüşdürülməsi imkanı düşüb. Ancaq mən yenə də öz fikrimdə qalıram: O, yaranmış bu şansları əsl böyük məsələlərin həlli üçün - ölkənin xeyrinə səfərbər edə biləcək adam deyil. Bütün bunların əvəzinə o, Ukrayna müharibəsinə girişdi.

- Krımın ilhaq olunmasının bir illiyinə həsr edilmiş filmdə o çox açıq danışırdı.

- İki saat yarım çəkən bu filmdə onun sərbəst şəkildə, hədsiz geniş təfərrüatı və bütün detalları ilə Yanukoviçin necə xilas edilməsi əməliyyatından danışmasına qulaq asdıqdan sonra, məndə öz fikirlərimə qarşı daha bir əminlik yarandı. Çünki böyük siyasətçi heç zaman belə kiçik təfsilatlara baş vurmaz. Həm də ki, belə bir faciənin baş verdiyi dövrdə. Altı mindən artıq insanın həyatına son qoyan və milyonlara qaçqının öz doğma evlərini tərk etməsinə yol açan müharibə bütöv bir ölkənin taleyini (həmçinin Rusiyanın da taleyini) həll etdiyi bir vaxtda, kürsüdə yayılaraq oturub, tarix danışmaq mənə elə gəlir ki, dəhşətdir.

- Atası Stalinin tərcüməçisi olan yazıçı Viktor Yerofeyev “Frankfurter Allgemeine Zeitung” qəzetinə yazdığı məqaləsində bildirir: ”2014-cü ilin gətirdiyi xəbərlər rus dünyası kimi köhnədir və bu ondan xəbər verir ki, biz avropalı deyilik. Ziyalılar daimi olaraq eyni səhvləri təkrarlayırlar. Onlar xalqı deyil, yalnız hakimiyyətdəkiləri günahlandırırlar. Kimin təcəssümündə xalqı günahlandımaq olar? Bəs kim xalqı təmsil edir? Belə alınır ki, Qərb “rus ruhunu” heç zaman anlamayacağı ilə barışmalıdır?

- “Rus ruhuna” daxil olmaq və onu anlamaq kimi fikirlər, Qərbin öz qarşısına qoyduğu məsələ deyil. Bu vəziyyəti kənardan müşahidə edənlərin işi sayılmır. Almanların problemləri - öz ölkələrinin İkinci Dünya Müharibəsi lənətindəki günahlarını araşdırmaq olub. Özlərini anlamaq və araşdırmaq rus xalqının, onların siyasi elitasının və həmçinin ziyalılarının işidir. Yeri gəlmişkən, başqa xalqlara hörmətlə yanaşmaq da dediyimiz həmin araşdırılması vacib olan xüsusiyyətlərdən biridir.

- Lakin Putinin və eləcədə digər rusiyalıların ukraynalılara qarşı olan bu cür hörmətindən söhbət gedə bilməz.

- Rusların əksəriyyəti və o cümlədən də ziyalıların nümayəndələri Ukraynanı hansısa ”kiçik bacı” qismində görürlər. Onların fikrinə görə, ukraynalıların öz dilləri yoxdur və onlar yalnız özünəməxsus rus dialektində danışırlar. Ukraynalılara qarşı olan bu cür özündən razı təkəbbürlülük münasibətindən Rusiya hakimiyyətinin yaxa qurtarması lazımdır.

- Rusiya tərəfi daima iddia edir ki, Qərb onu əhatəyə almaq və mənəvi cəhətdən sındırmaq istəyir.

- Başqa bir cəmiyyətə, başqa bir dövlətə hörmətlə yanaşmaq, həmin tərəfı ciddiyə almaq mənasına da gəlir. Bu balaca uşaq və psixoterapevtin qəbuluna gələn pasient deyil. Ruslar öz hərəkətlərinə özləri cavabdehdilər. Onlar ukraynalılar qarşısında orada baş verən hadisələrə görə məsuliyyət daşıyırlar. O ki qaldı Ukraynada müharibənin getdiyini rəsmi surətdə söyləməkdən çəkinməyə, Rusiya hakimiyyətinin öz xalqına həqiqəti söyləməyə cəsarəti çatmır.

- Biz yaxın gələcəkdə əksər üzvləri tərəfindən məsuliyyəti şəxsi təşəbbüsü ilə öz üzərinə götürmək bacarığına malik Rusiya cəmiyyətinin olmayacağı ilə barışmalıyıqmı?

- Bəli, görünür ki, belə olacaq. Lakin son 25 il ildə baş verənlərdən bizim xeyli dərs götürməyimiz lazımdır. Hərdən öncədən proqramlaşdırılmamış hadisələrlə qarşılaşırıq. Heç kim 1989 –cu ildə (Berlin divarının yıxılması və ardınca da Almaniyanın birləşdirilməsi nəzərdə tutulur) və 11 sentyabrda baş verən hadisələrdən xəbərdar olmayıb. Krımın ilhaq edilməsi və Ukraynaya hücum haqqında – Avropa ölkələri, yəni bizim proqramlaşdırılmış matris sistemimiz də öncədən bilgisiz olub. Elə ona görə də cəsarət edib, Rusiyada vəziyyətin sakit qalacağını iddia edə bilmərəm.

İkinci Nikolay zamanı, 1912 –ci ildəki seçkilərdən sonrada məhz belə olmuşdu. Birdən Moskva və Sankt-Peterburqdakı orta sinfin əsl üsyanı baş qaldırdı. Bu ayrılıqda götürülmüş kiçik etirazlar yox, xalqın öz fikrinin əsl ifadəsi dalğası idi. Ona görə də, bu cür hadisələrin baş verəcəyini inkar etmək qətiyyən olmaz. Mən, əhalinin 85%-i tərəfindən müdafiə edildiyinə görə Putinin sakit şəkildə istədiyi proqramı həyata keçirəcəyinə şübhə ilə yanaşıram. Çünki həmin 85 % müdafiəyə baxmayaraq, ölkə əhalisinin yarısı birmənalı olaraq, Ukrayna ilə müharibənin əleyhinədir. Belə bir ziddiyətin həll olunmasını elementar üsullarla həyata keçirmək isə hədsiz ağır bir işdir.

Çevirdi: Vaqif NƏSİBOV