Menu

Avropa ucuz Rusiya ixracından əziyyət çəkir

08.04.2015, 00:15
Avropa ucuz Rusiya ixracından əziyyət çəkir

Mübahisə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) gedib çıxa bilər

Rublun devalvasiyası Rusiyadan əmtəə idxal edən ölkələri narahat etməyə başlayıb. Məsələn, məlumdur ki, bu yaxınlarda Qazaxıstan yerli qiymətlərlə müqayisədə xeyli ucuz olan Rusiya istehsallı neft məhsullarının idxalına 45 günlük qadağa qoyub. Bununla eyni vaxtda Avropa polad istehsalçıları Assosiasiyasının başçısı Robrext Hime bəyan edib ki, rublun devalvasiyası və daxili bazarda tələbatın azalması səbəblərindən dolayı, Rusiyadan polad məhsullarının ixracının artması Avropa istehsalçılarını əməlli-başlı narahat edir.

Bəs, Rusiyanın aşağı qiymətlərindən konkret hansı ölkələr və hansı istehsalçılar «əziyyət çəkir»?

«Marş end Uilts» şirkətinin tərəfdaşı, nəqliyyat və xarici ticarət təcrübəsi üzrə ekspert Andrey Qolubçik bu barədə fikirlərini «Pravda.ru» ilə bölüşüb: «İlk növbədə, o ölkələr əziyyət çəkirlər ki, öz istehsalları xeyli baha başa gəlir. İstənilən halda isə bu, bütöv Avropa deməkdir. İndi rusiyalı istehsalçılar qiymət amilindən bəhrələnərək, heç bir maneə olmadan, bazarda asanlıqla manevr edirlər. Bu səbəbdən də onlardan çəkinirlər. Qazaxıstanla bağlı vəziyyət isə aşağıdakı kimidir: Əgər yarım il əvvəl 1 rubl 5 kazax tengesinə bərabər tutulurdusa, indi bu rəqəm 3 tengedən bir qədər çoxdur. Qazaxıstan, Rusiya ilə arasında gömrük sərhədi olmaması amilindən bəhrələnərək yarım il əvvəl özünün polad məhsulları ilə Rusiya bazarına daxil oldu və yerli istehsalçıları sıxışdırmağa başladı. Amma indi vəziyyət dəyişib və qazaxlar daxili bazarı itirməkdən qorxaraq, belə qərar veriblər. Amma o da var ki, həmin qərar Gömrük İttifaqının və Vahid iqtisadi məkanın prinsipləri ilə ziddiyət təşkil edir.»

«Pravda.ru»-nun «Adətən, ticarət münasibətlərində iki ölkə arasında yaranan belə problemlər necə həll edilir, hansısa bir hüquqi mexaniz varmı» sualına ekspert belə cavab verib:

«Hüquqi mexanizm yoxdur. Adətən insanlar oturub danışırlar, əgər münasibətlər həmkarlıq səviyyəlidirsə, razılıq əldə edirlər. Hesab edirəm ki, Qazaxıstanla da belə olacaq. Avropa ilə münasibətlərimiz isə xeyli mürəkkəbdir. Onlar istənilən addımı ata, müəyyən ölçü götürə bilərlər. Mübahisə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) gedib çıxa və tərəflər bir-birini ittiham edə bilər. Biz Avropanı onda ittiham edə bilərik ki, onlar bizim üzümüzə sərhədləri əsassız olaraq bağlayıblar. Onlar isə bizi aşağı qiymətlər (iqtisadi əsası olmayan) tətbiq etdiyimizə görə ittiham edə bilərlər. Demək çətindir ki, ÜTT məhkəməsi bu mübahisəni necə həll edəcək. Təcrübə göstərir ki, belə prosedurlara ÜTT-də uzun-uzadı baxılır...»

Bəs necə olur ki, Çin Rusiyadakı devalvasiyadan əməlli-başlı qazanır? Ekspert bu suala aşağıdakı cavabı verib:

«Çin - ticarət üçün olduqca əlverişli bazardır. İndiki zamanda biz Çin bazarında alver prosesində milli valyutamızla hesablaşa bilirik. Rublun yuana nisbəti isə hələ ki, çinli tərəfdaşlara sərf edir. Odur ki, çinlilər böyük məmnuniyyətlə ucuz Rusiya məhsullarını alırlar. Bu bazar praktiki olaraq, çox «acgöz» bazardır. Çin özünü polad məhsulu ilə tam təmin edə bilmədiyi səbəbindən, onu bizdən alır. Ardınca isə elə həmin poladı biz Çindən geri alırıq - bu dəfə ucuz hazır məhsullar şəklində»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol