Menu

Bombardir “intellektiylə” hamını heyrətləndirdi - RÜSVAYÇILIQ 

09.04.2015, 14:35
Bombardir “intellektiylə” hamını heyrətləndirdi - RÜSVAYÇILIQ 

"Futbolu ayaqla yox, başla oynayırlar" deyimi artıq aksiomaya çevrilib. Futbolu başla oynamaq üçün isə ilk növbədə başın olması vacibdi. Ağıllı, məntiqlə düşünə bilən başın. Amma nə yazıq ki, Azərbaycanda belə futbolçular azdı, lap az.

Biz demirik ki, azərbaycanlı futbolçu alim olmalıdı, tariximizi, ədəbiyyatımızı mükəmməl bilməlidi. Yox, buna heç ehtiyac da yoxdu. Amma sadə həqiqətləri, faktları bilməlidilər axı. Hər kəsin oxumağa belə, ehtiyac olmadan bildiyi faktları, elementləri deyirik. Bunu da bilmirlər. Deyəndə ki, azərbaycanlı futbolçular kütbeyindi, kimlərinsə "çest"inə deyir. Biz deyirik...

Deyirik ki, onlar heç olmasa nəticə çıxarsınlar, nəsə öyrənməyə cəhd etsinlər. Cəhd etsinlər ki, futbolu da ayaqla yox, başla oynasınlar. Oynasınlar ki, özləri futbolçu olsun, Azərbaycanda da futbol olsun. Azərbaycan çempionatının bombardiri, guya perspektivli futbolçu sayılan Nurlan Novruzovun "Futbol+" qəzetinin "Bura vətəndi" rubrikasının suallarına verdiyi cavabları oxuyun. Oxuyandan sonra əmin olacaqsız ki, Nurlandan futbolçu olmayacaq. Vallah, olmayacaq... Belə başla futbolu başla oynamaq olmaz.

- Xəlil Rza Ulutürk kimdi?

- Belə suallar verəcəksənsə, gəl indidən sağollaşaq.

- Abşeron yarımadası hansı istiqamətdən suyla əhatə olunmayıb?

- Vallah, bilmirəm.

- Yaxşı, Babəki tanıyırsan da?

- Babək kimdi? Koroğlu, Babək, onları deyirsən?

- Ümumiyyətlə, Babək kimdi?

- Mən bilən döyüşkən adam olub.

- Kimlərə qarşı döyüşüb?

- Babək yəqin ki, müsəlmandı, xristianlara qarşı döyüşüb.

- Aydındı. "Cahargah", "Humayun" və ya "Şüştər". Söhbət nədən gedir?

- Bilmirəm, qardaşım...

- Heydər Əliyev neçənci ildə hakimiyyətə gəlib?

- Yəqin mən hələ anadan olmayanda.

- Əbülfəz Elçibəyin təmsil etdiyi partiyanın adı nə idi?

- Yox, belə şeyləri bilmirəm.

- "Bəxtiyar" filminə baxmısan? Bəxtiyar obrazını kim canlandırıb?

- Adını eşitmişəm, amma baxmamışam. Yox, bilmirəm.

- 20 yanvar şəhidlərindən heç olmasa ikisinin adını çəkə bilərsən?

- Dondum, qaldım ey...

- Xiyabana girəndə birinci kimlərin məzarını görürük?

- İnanırsan, Şəhidlər Xiyabanında olmamışam.

- İntertoto kuboku da daxil olmaqla avrokuboklarda ilk mərhələ adlayan klubumuzun adını deyə bilərsən?

- "Bakı" olub da.

- İlk mərhələ keçən?

- Lap əvvəlləri deyirsən?

- Hə, ilk dəfə hansı klubumuz mərhələ adlayıb?

- Mən bilən "Şəmkir" keçib, deyəsən.

- İlk dəfə İntertoto kubokunda "Qarabağ" mərhələ adlayıb.

- Bilmirdim.

- "Azərbaycan deyəndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər". Yəqin ki, bu misraların müəllifinin kim olduğunu da bilməzsən...

- Yox.

- Heç olmasa Məmməd Arazı tanıyırsan?

- Yox ey, yox, tanımıram.

Komanda.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol