Rusiya Dövlət Dumasının Liberal-Demokratlar Partiyası fraksiyasından olan deputatı Roman Xudyakov Ukraynaya qoşun yeritməyə çağırıb. Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Xudyakov bunu “Rusiyanın təhlükəsizliyinə qarşı yaranmış təhdidlə” izah edib.
“Bu gün internet Amerikanın və avropalıların zirehli texnika kalonlarının Donetsk və Luqansk sərhədlərinə, habelə Rusiya sərhədlərinə yaxınlaşdığına dair çoxsaylı dəlillərlə doludur. Hazırda Ukraynada ukrayna dilindən çox ingilis dilində danışırlar. Mən təklif edirəm ki, müdafiə naziri Sergey Şoyquya ölkənin təhlükəsizliyinə yaranmış təhdidlə bağlı Ukraynaya qoşunların göndərikməsinə dair müraciət göndərək”- deyə deputat bildirib.
Roman Xudyakov deyib ki, Rusiya Donbas xalqını qorumalıdır. Bunun üçün ora sülhməramlı qüvvələr göndərməlidir: “Əziz həmkarlarım, bu qorxaqlar rus sülhməramlılarına birbaşa hücum etməyə cəsarət etməzlər. Əgər cəsarət etsələr, inanın mənə, onlar üçün çox acınacaqlı səhv olacaq”.
Xatırladaq ki, Ukrayna ilə Donbas separatçıları arasında atəşkəs razılaşmasına baxmayaraq son günlər atışmalar intensivləşib. Tərəflər artıq tanklardan və ağır artilleriyadan da istifadə edirlər.
Qərb mənbələrinin, ekspertlərinin qənaətinə görə, separatçılar yaxın həftələrdə Ukraynaya qarşı yeni hücumlara başlayacaqlar.


Şərhlər