Menu

Yəmən münaqişəsi: Pakistan Səudiyyə koalisiyasından imtina etdi

10.04.2015, 20:41
Yəmən münaqişəsi: Pakistan Səudiyyə koalisiyasından imtina etdi

[caption id="attachment_109248" align="alignleft" width="300"] Pakistan parlamenti[/caption]

Pakistan parlamenti Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə Yəmənə müdaxilə etməmək barədə qərar qəbul edib.

Beləliklə, Pakistan Yəmən münaqişəsinə münasibətdə tam neytral qalacaq.

Səudiyyə Ərəbistanı bundan əvvəl Yəməndəki husi qiyamçılarına qarşı əməliyyatlarda Pakistan aviasiyası və dəniz donanmasının iştirakını xahiş etmişdi.

Yəməndəki şiəməzhəb husi qiyamçıların İran tərəfindən dəstəkləndiyi xəbər verilir, hərçənd Tehran bu xəbərləri bir qayda olaraq təkzib edir.

Bəzi təhlilçilər bildirirlər ki, sünni ölkəsi olan Pakistanda şiə azlığı da mövcuddur və İslamabad məhz bu səbəbdən Yəmən kampaniyasına qoşulmaq istəmir.

“Dost mənbədən hədiyyə”

Lakin Səudiyyə Ərəbistanı Pakistana yardım göstərən donorlardan biridir və yardımın həcminə görə ABŞ və Çindən sonra üçüncü ölkə sayılır.

Məsələn, keçən il Pakistan məzənnəsi düşməkdə olan milli valyutası rupini sabitləşdirmək üçün Səudiyyə Ərəbistanından 3 milyard dollarlıq yardım almışdı.

pakistan

[caption id="attachment_109249" align="alignleft" width="300"]

Pakistan hərbçiləri[/caption]

Pakistanın maliyyə naziri o vaxt bu pulu “dost mənbədən hədiyyə” adlandırmışdı.

Təhlilçilər düşünürlər ki, Pakistan parlamentinin qərarı Səudiyyəni xeyli məyus edəcək.

Lakin bu da qeyd olunur ki, Pakistan Körfəz müharibəsi zamanı Səudiyyədəki müqəddəs ocaqların mühafizəsi üçün bu ölkəyə qoşun göndərmişdi. Analitiklərin fikrincə, əgər Yəmən münaqişəsi bundan sonra da böyüyərsə, Pakistan yenə də, Yəmənə yox, Səudiyyəyə qoşun göndərə bilər.

Bundan əvvəl Pakistan yalnız bir dəfə Yaxın Şərqə hərbi müdaxilə edib.

O vaxt İslamabad fələstinli qiyamını yatırmaqda hökumətə dəstək vermək üçün İordaniyaya hərbi birləşmə göndərmişdi. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol