Menu

Vergilər Nazirliyi Anar Məmmədlinin "cinayətlərindən" xəbərsizdir

20.12.2013, 10:43
Vergilər Nazirliyi Anar Məmmədlinin "cinayətlərindən" xəbərsizdir

Prokurorluq Vergilər Nazirliyinin məlumatlarına istinad edir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsinə beynəlxalq səviyyədə kəskin reaksiyalar gəlməkdədir. ATƏT-in Parlament Assambleyası bu həbslə bağlı narahatlığını ifadə etməklə yanaşı, baş verənləri tənqidçi fikirləri susdurmaq kimi qiymətləndirib.

ATƏT Parlament Assambleyasının Demokratiya, Insan Haqları və Humanitar Məsələlər üzrə Komitəsinin rəhbəri, portuqaliyalı deputat Izabel Santos bildirib ki, bu həbs Azərbaycan hökumətinin tənqidi fikirləri və müxalifləri susdurmaq üçün hüquqi vasitələrdən istifadəsinin bir formasına çevrilə bilər: “ATƏT-in üzvü olan bir dövlət kimi, Azərbaycan nəinki Anar Məmmədli ilə hüququn aliliyi çərçivəsində davranmağa cavabdehdir, eyni zamanda, onun təşkilatını və başqa vətəndaş cəmiyyəti qurumlarını qorumalı, onları təhdid etməməlidir”.

Bu Komitənin məruzəçisi, Serbiyadan olan deputat Cordana Komic isə Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azadlığa buraxmağa çağırıb: “Hakimiyyət elə addımlar atmalıdır ki, onların ATƏT-in əsas prinsiplərini başa düşdüklərinə əmin olaq. Azərbaycanda daha bir vətəndaş cəmiyyəti fəalının həbsi yolverilməzdir. Biz bu hadisə ilə bağlı suallarımıza çox açıq cavablar tələb edirik”.

“Human Rights Watch” beynəlxalq hüquq-müdafiə təşkilatı da Anar Məmmədlinin həbsilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, hakimiyyət dərhal Anar Məmmədlini azad etməli və bütün siyasi ittihamları onun üzərindən götürməlidir.

“Seçki müşahidəçisinin həbsi Azərbaycan hakimiyyətinin müstəqil fəallara qarşı təzyiq kampaniyasının tərkib hissəsidir”, - deyə təşkilatın Cənubi Qafqaz üzrə araşdırmaçısı Georgi Qoqia bildirib.

O qeyd edib ki, hakimiyyət Anar Məmmədlini həbs etməklə seçki saxtakarlığını ört-basdır etməkdə maraqlı olduğu mesajını verir.

Bəyanatda Anar Məmmədlinin həbsdə saxlanılması üçün heç bir qanuni və əsaslı sübutun olmadığı da vurğulanır. Qeyd olunur ki, bu səbəbdən də o, dərhal azad edilməlidir.

Təşkilat bəyan edir ki, bu həbs hökumətin fəallar və tənqidçi jurnalistlər üzərinə sərt hücumunun göstəricisidir: “Azərbaycan höküməti yanvar ayından bəri saxta ittihamlarla gənc fəalları, jurnalistləri həbs edib və dinc aksiyalarda iştirak edənlərə qarşı qanunları sərtləşdirib. Bunlar isə Azərbaycanın da təsdiqlədiyi Mülki və Siyasi haqlar üzrə Beynəlxalq Pakta ziddir”.

Bu arada, Baş Prokurorluq rəsmi açıqlamasında Anar Məmmədli ətrafında Vergilər Nazirliyi və Maliyyə Nazirliklərindən gələn məlumat və materiallar əsasında istintaq araşdırmaları aparıldığını göstərsə də, Vergilər Nazirliyindən bildirilib ki, onlar bu iş üzrə vergi yoxlaması aparmayıblar.

“Anar Məmmədli ilə bağlı mənim məlumatım yoxdur, açığını deyim. Əgər vergi orqanı orada bir yoxlama apararsa, onun nəticəsi məlum olarsa, mən o haqda fikir söyləyə bilərəm”, - deyə Vergilər nazirinin vergi siyasəti üzrə müşaviri Akif Musayev “Azadlıq” radiosuna açıqlamasında bildirib.

Akif Musayev onu da qeyd edib ki, Anar Məmmədlinin məsuliyyətə cəlb edilməsinə vergi məsələlərinin səbəb olduğunu bilmir: “Ona görə də bu haqda dəqiq məlumat verə bilmərəm. Mənə elə gəlir ki, burada vergi ilə bağlı yoxlama təyin olunmayıb, mən bildiyim qədər, ona görə bununla bağlı bir fikir deyə bilmərəm”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol