Moldovanın baş naziri cəmi 9 sinif «qurtarıbmış»!

Sən demə, Moldovanın baş naziri Kirill Qaburiçin cəmi 9 sinif təhsili varmış. Martın son günləri KİV-in bu barədə yaydığı məlumatlarda xəbərləşmədən çox, ironiya notları yer alıb. Bu da başa düşüləndir - 21-ci əsrdə bir dövlətin baş naziri üçün təhsil səviyyəsinin orta təhsil sistemi üzrə 9 sinifdən ibarət olması təəssüb doğurmaya bilməz. Bu mənada, Mixail Şeykmanın «ria.ru» saytında dərc olunmuş məqaləsi diqqəti cəlb edir. Müəllif məqaləsinə belə giriş verir: «Kirill Qaburiç Moldova siyasətinə «şübhəli at»la gəlib. Ona görə yox ki, onu ölkədə çox az adam tanıyır. Ona görə ki, o, özü çox az bilir. Onun bütün «universitet»ləri cəmi kənd məktəbinin 9 sinifindən ibarətdir. Söz Moldovanın baş nazirindən getdiyi təqdirdə bu, çox azdır...».

Müəllif qeyd edir ki, bu vəzifəyə təyinat alandan ayyarım sonra Qaburiç personası ölkədə böyük səsküy yaradıb. Daha doğrusu, onun barəsində səsküylü xəbərlər yayılmağa başlayıb: «Yerli qəzetlərin biri baş nazirin bioqrafiyasında təhsillə bağı boşluğun olduğunu müəyyən etdi. Müstəqil araşdırma aparan jurnalistlər müəyyən etdilər ki, həqiqətdə 38 yaşlı baş nazir doğma kəndi Loqnaşetdəki orta məktəbin cəmi 9 sinfini oxuya bilib...»

Bu «tapıntı» isə yeni-yeni suallar doğurub. Məsələn, jurnalistlər heç anlaya bilməyiblər ki, 9 sinif təhsili olan kəs necə olub, sonradan ali təhsil diplomu ala bilib? Bu da öz növbəsində, məmurun diplomunun saxta olması barədə şübhələrə yol açıb və s.

Bundan sonra baş nazirin «işi» ilə polis məşğul olmağa başlayıb. Məlum olub ki, kənd məktəbindən başqa Qaburiç Kişinyovdakı Respublika mikroglektornika və hesablama texnikası kollecində təhsil alıb və 1995-ci ildə kollecdən xaric edilib. 1997-ci ildə isə o, Moldova iqtisadi biliklər akademiyasından xaric olunub. Amma necə olubsa, 7 ildən sonra baş nazir elə həmin ali təhsil müəssisəsinin «iqtisadçı» ixtisası üzrə diplomunu ala bilib! Məmumatlara görə, indi Molodva parlamenti, ölkə polisi və digər əlaqədar qurumlar məsələni araşdırmaqla məşğuldur...

Bu qalmaqalın bizlər üçün maraq kəsb edən məqamları da var. Məsələn, KİV-in yaydığı məlumata görə, nə vaxtsa bu Qaburiç Azərbaycanın mobil operatorlarından olan Azercell şirkətinin rəhbəri olub! Əhsən! Həm Qaburiçə, həm də Azərbaycanımızda yaradılmış «əlverişli biznes mühiti»nə. O mühitə ki, orada oxumamışlar meydan sulayır - özlərini «çayda balıq yan gedər» sayaq aparırlar. Belə olmasaydı, Qaburiç kimiləri ölkəmizdə başını necə saxlayardı?.

Sözügedən qalmaqaldan aydın olur ki, Azərbaycandakı «əlverişli biznes mühiti»nin bir analoqu da Moldovada qərarlaşıb - bu dəfə «əlverişli siyasi mühit». Əks halda, Qaburiç kimi oxumamış birisi «təsadüfən» baş nazir kreslosuna «dırmaşa bilməzdi»...

O ki, qaldı Kirill müəllimin ali təhsil diplomuna sahib olması məsələsinə, bu yöndə aparılan araşdırmalar izlərin Azərbaycana apardığını ortaya qoysa, heç təəccüblənməyə dəyməz. Nədən ki, postsovet dönəmində müstəqil Azərbaycan Respublikasında saxta diplom əldə etmək adi hala çevrilib. Ötən illərdə bu barədə çoxsaylı məlumatlar yayılıb. Nə fərqi vamış ki, «saxtaçı»ların sayı 100 nəfər olsun, ya da 101 nəfər? Əgər Kirill müəllim Azərbaycandan öz vətəninə diplomsuz dönübsə, deməli o, gerçəkdən də çox «savadsız» adamdır, vəssalam!

Barəsində yayılan məlumatlardan görünür ki, Qaburiç çox zirəng adamdır. Zirəng olmasaydı, ölkəsinin baş nazirinə çevrilə bilməzdi. Deməli, məntiqlə o, biz düşündüyümüzdən də uzaqgörən olmalıdır. Belədirsə, araşdırmalar nəticəsində Kirill müəllimin qabiliyyətinin bir göstəricisi də «faş ola» bilər. Məsələn, məlum olsa ki, ali təhsil diplomu nədir, Qaburiçin «doktorluq», «akademiklik» diplomları da var və Kirill müəllim bu «kolleksiya»nı Azərbaycanda işlədiyi dövrdə əldə edib, heç təəccübləmək lazım deyil. Nədən ki, burası kapitalist Azərbaycanıdır. Kapitalist dünyasında da tələb təklif doğurar, təklif də tələb. Daha Qaburiçi qınamağa dəyərmi?..

Mirzə AĞ

AzPolitika.info