Menu

“Hafiz Məmmədov korrupsiyadan yararlanan adamlardan biridir”

21.12.2013, 15:02
“Hafiz Məmmədov korrupsiyadan yararlanan adamlardan biridir”

Xədicə Ismayıl: «20 futbolçuya «Azərbaycan» yazılmış köynək geyindirmək, dövlətə, millətə xidmət sayıla bilməz»

Fransa mətbuatının haqqında bir müddətdir məqalələr dərc etdiyi “Hafka” ləqəbilə tanınan Hafiz Məmmədov yenə də gündəmdədi.

Hər şey Fransanın məşhur “Canal + Sport” telekanalının “Lans” futbol klubunu alan Hafiz Məmmədovla bağlı reportaj hazırlayarkən azərbaycanlı iş adamının onlara 16 min avroluq saat bağışlaması, jurnalistlər öz növbələrində bu hədiyyəni “Amnesty International” təşkilatına təqdim etmələrindən sonra başlayıb. Bu qalmaqalla Fransa mətbuatının gündəminə gələn Hafiz Məmmədovla bağlı bir neçə tənqidi material dərc edilib.

Hafiz Məmmədovla bağlı ölkə mətbuatında da materiallar dərc olunub və jurnalistl araşdırmaları aparılıb.

Xatırladaq ki, Hafiz Məmmədov müsahibələrinin birində “Canal+” un əməkdaşlarını killer adlandırmışdı. Bugünlərdə isə “stadium.az” saytına müsahibə verən Hafiz Məmmədov araşdırmaçı jurnalist Xədicə Ismayılı tənqid hədəfinə çevirib: “Biz həmişə təmiz tənqidi qəbul etmişik. Amma bəzi ”Beydullayevlər" bizə qarşı anti kampaniya aparır, anti cəbhə yaradıblar. Bu ölkənin bayrağı Fransada - Lansda dalğalananda mən bundan qürur duyuram. Bunları gedib orada görmək lazımdır. Avropa çempionatının bəzi oyunları “Lans”da keçiriləcək və Azərbaycanın bayrağı da orada dalğalanacaq. Buna paxıllıq etmək lazımdır, yoxsa sevinmək? Latın Amerikasının, demək olar hamısı ispan dillidir. Indi “Atletiko”ya görə onlar Azərbaycanı tanıyır. Mən əqidəsiz insanların tənqidinə fikir vermirəm, çünki bu, tənqid deyil. Mənim yerimə kim olsa, onları məhkəməyə verərdi, amma baş qoşmuram. Indi o Xədicə, “Beydulla” gəlsin görüm, onların dədə-babası biz gördüyümüz işlərin hansını görüblər? Gəlsinlər, desinlər hansısa azərbaycanlıya yaxşılıq ediblər? Tam səmimi deyirəm, məsləhət görürəm, sizlər də bunların yazdığına fikir verməyəsiz" - deyə Hafiz Məmmədov bildirib.

Səslənən fikirlərə münasibət bildirən Xədicə Ismayıl azadlıq.info-ya açıqlamasında Hafiz Məmmədovu canlı yayıma dəvət edib: “Hafiz Məmmədovun şirkətləri Neft şirkəti, Nəqliyyat Nazirliyi vasitəsilə kontraktlar imzalayır. Yaxşı olar ki, Hafiz Məmmədov ona məxsus olan şirkətlərin büdcə kontraktlarını tendersiz necə əldə etdiyini açıqlayardı. Ümumiyyətlə bu qədər pulun mənbəyi hardandır? Digər tərəfdən bir qrup futbolçunun əyninə ”Azərbaycan" yazılmış köynəkləri geyindirmək dövlətə, millətə xidmət sayıla bilməz. Azərbaycana, xalqa xidmət, onun şirkətinin yararlandığı nəqliyyat sisteminin normal qurulması, onun vasitəsilə idarə olunan monopoliyaların aradan qaldırılması olardı. Xalqın rifahına xidmət korrupsiyanın aradan qalxamasına səy göstərməkdir. Hafiz Məmmədov isə korrupsiyadan yararlanan adamlardan biridir. Yəni, 20 futbolçuya köynək geyindirmək Azərbaycana xeyir gətirmək deyil. Əgər Hafiz Məmmədov mənimlə danışmaq istəyirsə, mən onu “işdən sonra” proqramının canlı yayımına dəvət edirəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol