Menu

Çin Pakistanla 50 milyardlıq müqavilə imzalayacaq

17.04.2015, 00:39
Çin Pakistanla 50 milyardlıq müqavilə imzalayacaq

ÇXR-nın sədri aprelin 20-də Pakistana gedəcək

«Röyter» Agentliyi xəbər verir ki, yaxın günlərdə Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tzinpin Pakistana səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında ümumi məbləği 50 milyard dollar təşkil edən bir sıra mühüm müqavilələr imzalanacaq («Lenta.ru»).

Söhbət ilk növbədə, 46 milyard dollarlıq enerqetik və infrastruktur layihələrindən gedir. Layihələr Pakistan-Çin iqtisadi dəhlizinin yaradılmasına yönələcək. Dəhliz Ərəbistan dənizindəki Qvadar limanı ilə ÇXR-nın Sintsizyan-Uyğur muxtar vilayətini birləşdirəcək.

Bundan başqa Çin lider İslamabadla ümumi məbləği 4-5 milyard dollar təşkil edən başqa bir müqaviləni də imzalaya bilər. Bu müqavilə Pakistan tərəfinə 8 sualtı qayığın satılmasını nəzərdə tutur. Görüş çərçivəsində iki ölkə arasında terrorçuluqla mübarizə sahəsində (Əfqanıstanla sərhəd zolağında) əməkdaşlıq perspektivlərinin də müzakirə ediləcəyi gözlənilir.

Səfər 20-21 aprel tarixinə nəzərdə tutulub. Görüş ərəfəsində Pakistan Parlamentinin müdafiə məsələləri komitəsinin sədri Müşahid Hüseyn Səyid olduqca orijinal fikir səsləndirib: «Amerikalılardan fərqli olaraq, Çin bizə dost kimi, tərəfdaş kimi, hər şeydən əvvəl isə bərabərhüquqlu qonşu kimi yanaşır...»

Mütəxəssislərin fikrincə, iqtisadi dəhlizin yaradılması Çinə ixrac olunan enerji daşıyıcılarının marşrutunun xeyli qısaldılmasına və piratların meydan suladığı Malakka boğazından yan keçilməsinə imkan yaradacaq. Bundan əlavə Qvadar limanında sualtı qayıqların yerləşdirilməsi Çin Hərbi Dəniz Qüvvələrinin (HDQ) imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.

Birgə infrastruktur layihələrinin reallaşdırılması isə Pakistanın kasıb Bəlucistan əyalətinin iqtisadiyyatını qaldırmağa imkan verəcək və yerli separatçıları əhalinin dəstəyindən məhrum edəcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol