Menu

Miqrantlarla batan gəminin kapitanı həbs olundu

21.04.2015, 21:53
Miqrantlarla batan gəminin kapitanı həbs olundu

İnsan alverində şübhəli bilinərək...

Rusiya KİV-nin yaydığı məlumata görə, Aralıq dənizində batan gəmidən sağ çıxanların ikisi İtaliya hakimiyyət orqanları tərəfindən insan alverində şübhəli bilinərək həbs olunub. Bu barədə məlumatı İtaliyanın infrastruktur və nəqliyyat naziri Qraziano Delrio-ya istinadən aprelin 21-də Reuters agentliyi yayıb (Lenta.ru).

Xəbər verilir ki, şübhəli bilinənlər qəzadan salamat qurtarmış digər sərnişinlərlə birlikdə Siciliyadakı Kataniya limanına gələn kimi saxlanıblar. Onların həbsi barədə sərəncamı Kataniyanın prokuroru Covanni Salvi verib. Prokuror ofisi əməkdaşlarının sözlərinə görə, saxlananlardan biri Aralıq dənizində miqrantlarla birlikdə batmış gəminin kapitanı, digəri isə kapitanın köməkçisidir.

Bundan əvvəl xəbər verilmişdi ki, aprelin 19-u gecəsi Liviya sahillərində miqrant daşıyan gəmi batıb. Qaçqınların işi üzrə BMT Ali Komissarının idarəsi və Beynəlxalq Miqrasiya Təşkilatı qəzadan sağ çıxanlar arasında aparılan sorğunun nəticəsinə əsasən, qəza nəticəsində həlak olanların sayının 800 nəfər olduğu qənaətinə gəlib.

Gəmi heyəti və sərnişinlərdən cəmi 28 nəfərin xilas olduğu bildirilir. Gəmi Liviyadan Avropaya miqrant aparırmış.

Bundan əvvəl isə Aralıq dənizində daha iki gəminin qəzaya uğraması barədə məlumat verilmişdi. Gəmilərin hər ikisi Liviyadan İtaliyaya qeyri-leqal miqrant aparırmış. Qəzanın birində 41 nəfərin, ikincisində isə 400 nəfərin həlak olduğu bildirilmişdi.

«Reuters» agentliyinin məlumatına görə, 2015-ci ilin əvvəlindən Aralıq dənizini adlamaq cəhdi göstərən miqrantların 1800 nəfəri qəza nəticəsində həlak olub.

Beynəlxalq miqrasiya təşkilatı xəbərdarlıq edir ki, bu yay yüz minlərlə insan Liviyada hərbi münaqişənin davam etməsi səbəbindən, bu ölkədən Avropaya adlamaq cəhdi göstərə bilər.

Məlumat üçün bildirək ki, Liviyada beynəlxaq güclərin hərbi əməliyyatları 2011-ci ilin martından oktyabrına qədər davam edib. Həmin vaxtdan üzübəri ölkədə vətəndaş müharibəsi ara vermir. Hazırda Liviyanın şərq hissəsi müxtəlif islamçı qruplaşmaların nəzarəti altındadır. Bu qüvvələr hakimiyyət uğrunda bir-biri ilə döyüşür. Onların bəziləri isə «İslam dövləti»nə sədaqət andı içib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol