"Neftin qiymətinin enməsi bizim gəlirlərimizə mənfi təsir göstərir, bu faktdır." Bunu “Marja”ya maliyyə naziri Samir Şərifov bildirb.
Nazir qeyd edib ki, neftin qiymətinin azalması nəticəsində dövlət investisiya layihələrinə əvvəllər olduğu məbləğlərdə vəsait ayıra bilmir. Bu səbəbdən də pulun iqtisadiyyata təklifi bir qədər azalıb:
“Neftin qiymətinin enməsi bizim gəlirlərimizə mənfi təsir göstərir, bu faktdır. Mənfi təsir həm də ondan ibarətdir ki, dövlət büdcəsi vasitəsilə iqtisadiyyata bir qədər az pul təklif olunur. Əvvəllər dövlət büdcəsi vasitəsilə iqtisadiyyata böyük pullar verilirdi. Əsasən də, böyük infrastruktur layihələrinin həyata keçirilməsi zamanı. Şübhəsiz ki, dövlət bunu düşünülmüş şəkildə edirdi. Belə ki, həm bizim layihələrimiz həyata keçirilirdi, həm də layihələrin həyata keçirilməsində Azərbaycan şirkətləri iştirak edirdi. Həmçinin, layihələr üzrə işlərdə Azərbaycan vətəndaşları çalışırdı, işsizlik məsələləri həllini tapırdı. Şübhəsiz ki, qiymətin azalması nəticəsində investisiya layihələrinə əvvəllər olduğu məbləğlərdə vəsait ayıra bilmirik”.
“ÖZƏL SEKTOR BİR QƏDƏR KÖLGƏDƏ QALIRDI”
Samir Şərifov qeyd edib ki, bu bir tərəfdən də faydalıdır: “Dövlət layihələrin həyata keçirilməsində fəal iştirak etdikdə özəl sektor bir qədər kölgədə qalırdı. Dövlət maraqlıdır ki, özəl sektor iqtisadiyyatda iştirak etsin. Hesab edirəm ki, dövlətin iqtisadi proseslərdə iştirakının bir qədər azalması bu baxımdan faydalıdır”.
“AMMA PUL QITLIĞI ARADAN QALDIRILMALIDIR”
Maliyyə naziri, “Amma nəticə etibarı ilə pulun iqtisadiyyata təklifi bir qədər azalıb. Burada yaranan pul qıtlığı digər mexanizmlərdən istifadə edilməklə aradan qaldırılmalıdır. Bunun üçün də müxtəlif yollar var – bank kreditləşməsi, ipoteka kreditləşməsi və s. Bunun üzərində hökumət işləyir”, deyə bildirib.
İPOTEKAYA CƏLB EDİLƏN VƏSAİTLƏRƏ DÖVLƏT ZƏMANƏTİ VERİLƏ BİLƏR
Samir Şərifov əlavə edib ki, ipoteka kreditləşməsinin artırılması pul qıtlığının aradan qaldırılmasına yönəlmiş addım olar:
“Maliyyə Nazirliyi bu tədbirləri dəstəkləyir. Hazırda ipoteka kreditinin detalları üzərində çalışırıq. Biz çox yaxın zamanda onu təqdim edəcəyik. Təklif olunan dəyişikliklər ondan ibarətdir ki, ipoteka kreditinin məbləği artırılsın. Hesab edirik ki, biz buna gedə bilərik. Bəzi yeni elementlər də təklif olunacaq. Bazarı bir qədər də aktivləşdirmək üçün, ola bilsin ki, Mərkəzi Bank tərəfindən bazara əlavə vəsait təklif oluna bilər. Lazım gəldikdə isə, hökumət tərəfindən bunun üçün dövlət zəmanətləri də verilə bilər. Biz hesab edirik, yeni ipoteka şərtləri ölkə əhalisinin mənzil şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş bir addım olacaq, digər tərəfdən də bazara daha çox likvidlik təklif olunacaqdır. Üçüncü tərəfi də ondan ibarətdir ki, inşaat sənayesi müəssisələrimizə əlavə dəstək olacaqdır”.
Qeyd edək ki, yeni ipoteka proqramı ilə yeni tikilən binalarda mənzillərin alınması maliyyələşdiriləcəkdir. Dövlət bu yolla tikinti materialları istehsalçılarına dəstək göstərmək istəyir.


Şərhlər