Dekabrın 25-də Nəsimi Rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılıb.
Vəkil Elçin Sadıqov “Media forum” saytına deyib ki, prosesə hakim Rəşid Səmədov sədrlik edib: “Vəsatətimiz təmin olunmadı. Bu qərardan apellyasiya şikayəti verəcəyik”.
Anar Məmmədli dekabrın 16-da tutulub. O, iqtisadi cinayətlərdə ittiham olunur.
***
Nəsimi Rayon Məhkəməsi Anar Məmmədlinin ev dustaqlığı məsələsinə baxacaq
Bu gün Nəsimi Rayon Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətə baxılacaq. Bu barədə Turan-a vəkil Elçin Sadıqov bildirib.
Hakim Rəşid Səmədovdur.
Anar Məmmədlinin barəsində dekabrın 16-da 3 ay həbs qətimkan tədbiri seçilib. O, vergi ödənişindən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıqda ittiham edilir. A.Məmmədli ittihamları təkzib edir. Cinayət işini siyasi və təşkilatının 9 oktyabr prezident seçkilərini monitorinqi və seçkilərlə bağlı qiymətləndirmələrlə bağlı olduğunu hesab edir.
Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi A. Məmmədlinin üç ay müddətinə həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Amnesty İnternational Anar Məmmədlini “vicdan məhbusu” kimi tanıyıb. Çoxsaylı beynəlxalq və yerli hüquq- müdafiə təşkilatları A.Məmmədlinin dərhal azadlığa buraxılması tələbi ilə bəyanatlarla çıxış edib.
Dekabrın 24-də Amerika Dövlət Departanmenti A. Məmmədlinin dərhal azadlığa buraxılması barədə bəyanat yayıb. “Biz Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin həbsindən dərin narahatlıq keçiririk. Biz hüquqi proses davam edərkən cənab Məmmədlinin dərhal azad edilməsinə çağırırıq. Biz bu məsələni Azərbaycan hökumətinin yüksək rütbəli rəsmiləri qarşısında qaldırmışıq və qaldırmaqda davam edəcəyik. Biz SMDTM-nin və Azərbaycan Könüllülər İctimai Birliyinin üzərində aparılan təhqiqatı yaxından izləməkdə davam edirik”,- sənəddə qeyd olunur.


Şərhlər