Menu

Qarabağ qazisi özünü niyə yandırdı? - -Fotolar- VİDEO-16+

25.12.2013, 20:47
Qarabağ qazisi özünü niyə yandırdı? - -Fotolar- VİDEO-16+

II qrup Qarabağ əlili Zaur Həsənov : “Torpaq sahəmi əlimdən aldılar, ona görə də Həmkarlar İttifaqının qarşısında özümü yandırıram”

Dekabrın 25-də II qrup Qarabağ əlili Zaur Həsənov Respublika Həmkar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandırıb. Qarabağ qazisi özünü yandırmadan öncə əlində Azərbaycan bayrağı ilə mülkiyyət hüquqlarının Həmkarlar İttifaqı tərəfindən ciddi şəkildə pozulduğunu deyib. Həmkarlar İttifaqının binasına daxil olmaq istəyən Zaur Həsənov maneə ilə üzləşib. Aksiyasına davam edən qazi qeyd edib ki, eks-prezident Heydər Əliyev tərəfindən Qarabağ əlillərinin yaşayışlarının yaxşılaşdırılması məqsədi ilə dəniz kənarında ona torpaq sahəsi verilib. Həmin torpaqla bağlı Həmkarlar İttifaqı tərəfindən 2010-cu ildə məhkəməyə verilib və yeri əlindən alınıb. Məhkəmənin qərarından sonra hər yerə şikayət etsə də, ona yalnız quru vəd verilib.

Zaur Həsənov torpaq sahəsində yerləşən obyektinin yeganə gəlir mənbəyi olduğunu bildirib: “42 yaşım var. Dərddən saçım-saqqalım ağarıb. 5 uşaq atasıyam. Mənə yalanları ilə işgəncə veriblər. Bütün məhkəmələrdə mənim hüquqlarım tapdalanıb. Özümü yandırmağımla bağlı verdiyim qərar qətidir. Evim bankda girovdadır və satışa çıxarılıb. Bankdan pul götürüb obyektə sərmayə qoydum. Həmkarlar İttifaqının rəhbəri, millət vəkili Səttar Mehbalıyev əlimdən aldı. Ona görə də Həmkarlar İttifaqının qarşısında özümü yandırıram”.

Bundan sonra özünə od vuraraq, yandırıb...

***

Hadisədən sonra Azərbaycan Həmkarlar İttifaqının sədri, deputat Səttar Mehbalıyev II qrup Qarabağ müharibəsi əlili Zaur Həsənovun probleminə aydınlıq gətirib. O, “SalamNews”a bildirib ki, şəxsən Zaur Həsənovu məsələ ilə bağlı qəbul edib və onun şikayətini dinləyib, hərtərəfli başa salıb: “Onun şikayəti Səbayel rayonun Bibiheybət qəsəbəsi ərazisində Respublika Həmkarlar İttifaqının balansında olan sanatoriya ərazisində açdığı çayxana ilə əlaqədardır. O, uzun illərdir həmin ərazidə qeyri-qanuni fəaliyyət göstərib və bu müddətdə ona heç bir söz deyilməyib. İndi həmin ərazidə müvafiq işlərin görülməsinə qərar verilib. Bunun üçün sanatoriya rəhbərliyi II qrup əlil Zaur Həsənovdan və onun kimi bir neçə şəxsi qeyri-qanuni fəaliyyət göstərdiyi obyektlərin boşaldılmasını tələb edib. Lakin, o ərazi onlar tərəfindən boşaldılmadığından sanatoriya rəhbərliyi məhkəməyə müraciət edib. Məhkəmə oradakı qeyri-qanuni fəaliyyət göstərən obyektlərin sökülməsinə qərar verib.”

AHİK sədri vurğulayıb ki, mən o insana necə kömək edə bilərəm, axı, mən torpaq paylamıram, rayon rəhbəri işləmirəm. Mən kiməm ki, sanatoriyanın həyətində kiməsə yer verəm. Mənim elə bir səlahiyyətim yoxdur. Burada mənim nə günahım var?! Bu, məhkəmənin qərarıdır və buna qarşı heç nə edə bilmərəm.

Deputat diqqətə çatdırıb ki, Zaur Həsənovun özü yazdığı məktubda Səttar Mehbalıyevdən heç bir şikayətinin olmadığını yazıb. Sonra gedib haradasa deyir ki, məktubu mənim adımdan yazıblar və savadım olmadığından imza atdırıblar.

S. Mehbalıyev söyləyib: "Qarabağ müharibəsi əlillərinə hər zaman hörmətlə yanaşmışam. Hər ay onların problemlərini dinləyib, əlimizdən gələn köməyi edirik. Amma, bu, tamamilə başqa məsələdir. Məhkəmə onların bu hərəkətini qeyri-qanuni adlandıraraq ərazidən çıxarıb. Onların heç bir hüquqi sənədi yoxdur, amma o ərazilərdə qeyri-qanuni obyekt işlədiblər.

***

Azərbaycan Həmkarlar İttifaqından verilən məlumata görə, özünü yandıran Həsənov Zaur Həsən oğlunun iaşə obyekti kimi işlətdiyi sözügedən torpaq sahəsi Bakı şəhər Xalq Deputatları Sovetinin 22 mart 1985-ci il tarixli 1/12 saylı qərarı ilə dənizkənarı sahil zonası yaratmaq üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan «Şıx» sanatoriyası üçün ayrılıb: “İstifadəmizdə olan torpaq sahəsi hətta inzibati ərazi kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının 31 avqust 2000-ci il tarixli 811 saylı qərarı ilə Bibi-Heybət bələdiyyəsinə təhvil verilmiş olsa belə, onun mülkiyyətinə verilməmiş və torpaq istifadəçisi dəyişdirilməyib. Bundan başqa, “Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2003-cü il tarixli sərəncamı ilə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqların dövlətin müstəsna mülkiyyətində olması müəyyənləşdirilib. İcarə müqaviləsi bağlanan zaman mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmaqla “Şıx” sanatoriyasının qanuni istifadəsində olub. Bibi-Heybət Bələdiyyəsi tərəfindən “Şıx” sanatoriyasının qanuni və daimi istifadəsində olan 1,67 ha torpaq sahəsi hüdudlarında torpaq sahəsinin Həsənov Zaur Həsən oğluna icarəyə verilməsi, həmin ərazidə iki otaqdan ibarət ictimai-iaşə obyektinin tikilməsi, sahil boyunca stol və stulların qoyulması qanunauyğun deyildir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort” Səhmdar Cəmiyyətinin tabeliyində olan “Şıx” sanatoriyasının qanuni istifadəsində olan torpaq sahəsinin Həsənov Zaur Həsən oğlu tərəfindən zəbt edilməsi ilə bağlı məsələyə 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində, Bakı Apelyasiya Məhkəməsində, Azərbaycan Respublikası Ali Məhkəməsində baxılmış və Z. Həsənovun şikayəti əsassız sayılıb”.

Azərbaycan Respublikası 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin qətnaməsində bildirilir ki, Bibi-Heybət Bələdiyyəsi ilə Həsənov Zaur Həsən oğlu arasında bağlanmış 25 saylı 8 aprel 2005-ci il tarixli icarə müqaviləsi etibarsız hesab edilsin. Məhkəmə “Şıx” sanatoriyasına məxsus 1,67 ha torpaq sahəsini əhatə edən çimərlik zonasında 70 kv.m torpaq sahəsində Həsənov Zaur Həsən oğlu tərəfindən qanunsuz inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülməsi və sahənin boşaldılması ilə bağlı qərar verib. Ali Məhkəmə də Bakı Apelyasiya Məhkəməsinin 13 oktyabr 2010-cu il tarixli qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, II qrup Qarabağ əlili Zaur Həsənov özünü yandıran zaman yaxınlıqdakı polis əməkdaşlarının müdaxiləsi ilə qarşılaşıb. Polislər yanan Zaur Həsənovu su ilə söndürməyə çalışıblar. Hadisə yerinə təcili yardım çağırılıb. II qrup Qarabağ əlili 5 saylı şəhər kliniki xəstəxanasına qaldırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirilər.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol