Bu barədə ABŞ dövlət katibi C.Kerri danışıb
Bu günlərdə Cibutidə olarkən, ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, ölkəsi Yəmənə 68 milyon dollarlıq humanitar yardım göstərəcək: «Humanitar təşkilatlara ayrılacaq bu məbləğ Yəməndə baş verən toqquşmalar zamanı zərər çəkmiş 16 milyon insana kömək məqsədi daşıyır. Münaqişə nəticəsində ən azı, 300 min insan ev-eşiyini ataraq, ölkədən getməyə məcbur olub»(TASS).
Bununla bərabər, ABŞ diplomatiyasının başçısı ümid etdiyini bildirib ki, ərəb koalisiyası da bu insanlara lazımi köməklik göstərməyin yollarını aramaqda BMT-yə və dünyanın digər cəmiyyətlərinə qoşulacaq: «Bu gün axşam mən Səudiyyə Ərəbistanına gələcəm. Biz orada Yəmənə humanitar pauza verilməsinin mümkünlüyünü və üsullarını müzakirə edəcəyik. Yəməndəki mövcud humanitar vəziyyət bizi ciddi şəkildə narahat edir...»
Hələ aprelin sonlarında BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru Yohannes Van Der Klau humanitar yardımları təhlükəsiz şəkildə çatdırmaq məqsədilə, bu ölkəyə «humanitar pauza»nın verilməsinin vacibliyini bəyan etmişdi: «Təcili olaraq humanitar pauza lazımdır ki, beynəlxalq təşkilatların nümayəndələri ölkəyə gələ bilsinlər və ehtiyacı olan milyonlarla insana humanitar köməklik göstərilə bilsin. Humanitar yüklərin təhlükəsiz hərəkətini təmin etmək üçün münaqişənin bütün tərəflərinin səyləri vacibdir...».
Yəməndəki humanitar vəziyyəti xarakteizə edən Van Der Klau xəbər verib ki, Səudiyyə Ərəbistanının Yəmənə göstrdiyi 274,0 milyonluq yardım qarşıdakı üç ay ərzində yalnız 7,5 milyon yəmənliyə bəs edər. Bundan sonrakı dövr üçün yenə vəsait tələb olunacaq.
AzPolitika.info


Şərhlər