«İnsanların, idiotizmə qərq olduğunu görüncə, düşünürəm ki, bunu Allah özü təşkil edib»

Moskvada keçiriləcək Qələbə paradında iştiakçı qonaqların əksəriyyətinin reputasiyası dünyada Rusiyanın imicini çətin ki, möhkəmlədə bilsin. Bu qənaət Aleksandr Qostevin www.svoboda.org saytında dərc olunmuş «Rusiyanın monstral sikli» («monstr» - bədheybət varlıq, div, əjdaha mənasına gəlir) başlıqlı məqaləsində yer alıb (04.05.2015 il). Aktullağını nəzərə alıb, həmin məqaləni müəyyən ixtisarla oxucuların diqqətinə çatdırırıq.

Moskvada mayın 9-da keçirilməsi planlaşdırılan Qələbə paradında iştirak etməyə razılıq verən dövlətlərin siyahısı hər gün dəyişir. Amma artıq indidən aydındır ki, onların əksəriyyəti Asiyanı, Afrikanı və Latın Amerikasını təmsil edən dövlətlərdir. O ölkələr ki, mövcud rejimi birmənalı reputasiyaya malik deyil.

Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş bayram tədbirlərinin hazırlanması üzrə təşkilat komitəsinin sədri, prezident administrasiyasının rəhbəri Sergey İvanov bildirir ki, mayın 9-da Moskvaya təxminən 30 dövlətin rəhbəri təşrif buyuracaq. Bu rəqəm 2005-ci ildə Qələbənin 60 illiyinə həsr olunmuş tədbirlərə qatılan dövlət rəhbərlərinin sayından xeyli azdır. Gözlənilən qonaqların «keyfiyyət göstəriciləri» isə ümumiyyətlə, bu tədbirin populyarlığının artmasına və Rusiya prezidenti Vladimir Putinin nüfuzunun qalxmasına çətin ki, kömək edə bilsin.

Yazıçı-şair İqor Qubermanın fikrincə, varlığı ilə fəxr olunan və sıraları mayın 9-da dünyaya təqdim ediləcək «Rusiyanın dostları»nın reputasiyasını nəinki siyasi nöqteyi-nəzərdən, həm də estetik baxımdan qiymətləndirmək lazımdır:

- İndi Rusiya «monstral sikl»ini yaşayır. Bu, çox dəhşətli nəsnədir. Sərsəmlik həddinə çatacaq sayda bədheybətlər (divlər, əjdahalar) Rusiyanı ələ keçirərək, Dövlət Dumasında oturublar! Odur ki, onlar sadəcə, özləri kimi bədheybətləri salamlayıb, onlarla dostluq etməyə məcburdurlar. Onlar da bunlara diqqət göstərirlər.

- Belə «vampir dostluğu»... sizi qorxudur, yoxsa güldürür?

- Bu, qorxutmur, güldürür. Əslində, bu dostluq çox da uzaq keçmişdə başlanmayıb. Mən bilmirəm bu, nə ilə qurtaracaq. Psixiatr-həkim də belədir, bilmir ki, birdən ruhi xəstəxanada müxtəlif səviyyəli və keyfiyyətli ağlı çaşmış xəstələrlə dolu palatanın qapısını açıb, onları bayıra buraxsan nə baş verər. Sadəcə, mən yaddan çıxarmıram ki, əslində Böyük Vətən müharibəsi olmayıb. İkinci dünya müharibəsi olub, 1939-cu ilin sentyabrında başlanıb. O zaman Hitler və Stalin Şərqi Avropanı bölüşüb. Həmin müharibənin daha böyük epizodu isə Böyük Vətən müharibəsi adlandırılıb. Odur ki, bu mövzuya kim istəsə, necə istəsə yanaşa bilər. Saysız-hesabsız tarixçilər yalan danışa bilərlər - onların heç vicdanı da yoxdur. Bu mənada, mən yalnız Viktor Suvorova və Mark Soloninə inanıram. Bax, bu insanlar tarixi düzgün yazırlar. Sonradan çoxlu sayda tarixçi meydana çıxacaq və bu iki nəfərin yazdıqlarını böyük dəqiqliklə, detalları ilə təkrar-təkrar yazacaq.

- «İgidliyə görə» medalını itin boğazından asanlara, «qeorgi lenti»ni maşının tüstü borusuna bağlayanlara baxarkən, Sizin zarafatlarınızın bir həddi olurmu?

- Bu, insanların faciəsidir - faciəyə cəlb olunmuş insanların. Mənim onlara yazığım gəlir. İnanılmaz sayda insanların, həm də yüksək təhsil almış insanların - intellektual mühitdən olanların, idiotizmə qərq olduğunu görüncə, düşünürəm ki, bunu Allah özü təşkil edib. Mənim belə bir şer parçam var, bir halda ki, söhbət düşdü, oxuyacam:

Hər yerdə şərin pis qoxusu gəlir,

Allahın yeni planları yetişir,

Görünür ki, ona da məsləhər verir,

Atilla, Çingizxan və Tamerlan.

Bax, mən bu hissləri keçirirəm...

Məhz mayın 9-da keçirilməsi nəzərdə tutulan tədbirlərdə iştirak etmək üçün gəlməkdən hətta Rusiyanın bəzi «əbədi» dostları da imtina etdilər (müxtəlif bəhanələr altında) - Belarus prezidenti Aleksandr Lukaşenko, Venesuelanın prezidenti Nikolas Maduro və yaxud Kim Çen In. Hətta Burkin-Faso adlı Afrika dövlətinin prezidenti səlahiyyətlərini icra edən Mişel Kafando Rusiyanı açıq şəkildə ittiham etdi ki, Moskvadakı «bayram şənlikləri»nin təşkilatçıları onun adını «Putin qonaqları» siyahısına özündən xəbərsiz daxil ediblər! Nəticədə, dünyanın ən kasıb ölkələrindən birinin başçısı özünü təhqir olunmuş sayaraq, mayın 9-da Moskvaya gəlməkdən imtina etdi.

Şübhə yoxdur ki, Qələbənin yubileyinə həsr olunmuş bu və ya digər tədbirdə Aleksandr Lukaşenko da, Çexiya prezidenti Miloş Zeman da, Slovakiyanın baş naziri Robert Fitso da, hətta Almaniyanın kansleri Angela Merkel də iştirak edəcək. Amma Qızıl meydanın baş tribunasında operatorlar və fotomüxbirlər Putilə yanaşı onların fotosunu çəkə, görüntüsünü lentə ala bilməyəcəklər.

Mayın 9-da Qızıl meydanda Avropanı yalnız Serbiya, Bosniya-Hersoqovina, Yunanıstan, Kipr Respublikası və Makedoniyanın liderləri təmsil edəcəklər. Qalan Avropa dövlətləri isə bu tədbirlərə öz diplomatlarını - nazirdəın tutmuş, səfirə qədər - göndərəcəklər.

9 may paradına ən çox «xarici siyasi» çəki gətirəcək fiqurlar isə Braziliya prezidenti Dilma Ruseff, Hindistan prezidenti Pranab Kumar Mukerci (qeyd etmək lazımdır ki, Hindistan parlament respublikasıdır və bu ölkənin faktiki başçısı baş nazir Narendra Modidir), ÇXR-nın sədri Si Szinpin və CAR-nın prezidenti Ceykob Zuma olacaq.

Bundan başqa həmin gün Qızıl meydanda Putinlə yanaşı Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Qazıxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atanbayev, Tacikistan prezidenti Emomoli Raxmon, Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov, Özbəkistan prezidenti İslam Kərimov və tanınmamış respublikaların - Abxaziya və Cənubi Osetiyanın liderləri dayanacaqlar.

Yerdə qalanları gerçək mənada, «Dünyanın atlası» adlandırmaq olar. Bunlar Vyetnam, Qambiya, Qvineya, Zimbabve, Kabo-Verde, Lesoto, Liberiya, Mavritaniya, Monqolustan, Fələstin muxtariyyəti, Ruanda, Somali və Tanzaniya liderləridir.

Mayın 9-u yaxınlaşdıqca, bu siyahı bir qədər də qısala bilər...

Çevirdi: Arif Aslan

AzPolitika.info