AzPoliika.info Rusiya KİV-nə istinadla xəbər verir ki, dünən Rusiyanın paytaxtı Moskva şəhərində baş tutan MDB dövlət başçılarının qeyri-formal sammitində «söz atışması» atmosferi yaşanıb. Qələbə Paradı və keçmiş SSRİ xalqlarının Böyük Vətən müharibəsində rolu mövzusu ətrafında Özbəkistan və Qırğızıstan prezidentləri bir-birinə irad tutublar. Belarus prezidenti isə öz fikrini bildirib (Rosbalt).
Xəbərdə deyilir ki, əvvəlcə Qırğızıstan prezidenti Almazbek Atambaev Moskvaya görüşə gəlməyən MDB dövlət başçılarını tənqid edib və bununla da «cəbhə üçün çalışmış atalara, oğullara, ana və nənələrə» hörmətsizlik nümayiş etdirdiklərini deyib: «Keçmişi unudanlar, gələcəkdə cavab verməli olacaqlar...».
Atambeyev bildirib ki, Qırğızıstan əhalisinin 1/4-i cəbhəyə gedib, onların 1/3-i həlak olub.
Bunun cavabında Özbəkistan prezidenti İslam Kərimov, Atambayevi bu məsələdə keçmiş SSRİ xalqlarından birinin rolunu artırmaqla, digərinin xidmətlərini danmaqda ittiham edib. O, belə yanaşmanı yanlış və ehtiyatsız mövqe adlandırıb. Atambayev isə onun sözünü kəsərək, sadəcə, öz fikrini ifadə etdiyini deyib. Kərimov «Sizin fikrinizi biz çoxdan bilirik»-deyə, ona cavab verib.
Faşizmə qarşı müharibədə hansısa bir xalqın rolunu xüsusi qeyd etməyin əleyhinə olan Lukaşenko deyib ki, bu məsələdə bölməli bir şey yoxdur və «müharibədə bu və ya digər səviyyədə iştirakın xüsusi çəki əsasında qiymətləndirilməsi» düzgün deyil.
Sammitin gedişində İslam Kərimov Rusiya-ABŞ münasibətlərinə də toxunub və indiki situasiyanı qeyri-normal adlandırıb: «Bütün bunlar yaxşı heç nə vəd etmir...». Ukrayna münaqişəsindən danışarkən o, qeyd edib ki, vəziyyəti tənzimləmək üçün aparıcı ölkələr arasında, ilk növbədə, ABŞ ilə Rusiya arasında «elementar inam»ı bərpa etmək lazımdır.
Görüş iştirakçıları İkinci dünya müharibəsinin «nəticələrini yenidən yazmaq» cəhdlərini pisləyiblər. Nursultan Nazarbayev «faktların saxtalaşdırılması və sui istifadə cəhdləri»ni pisləyib. Vladimir Putin qeyd edib ki, bu gün müharibənin nəticələrinin siyasiləşdirilməsi və «yenidən yazılması» cəhdləri artıb. O, hamını tarixi irsi qoruyub saxlamağa çağırıb.
AzPolitika.info


Şərhlər