Bu ehtimalı Türkiyənin prezidenti səsləndirib
«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu günlərdə türkiyəli tarixçilərlə görüşü zamanı deyib ki, Rusiyanın qondarma «erməni soyqırımı» məsələsində tutduğu mövqeyə görə, Ankara Rusiyadakı səfirini geri çağırmaq ehtimalını istisna etmir. Bu barədə görüş iştirakçısı, tarixçi Mustafa Ərmağan xəbər verib (RİA Novosti).
Mustafa Ərmağan bu mövzuda «Milliyət» qəzetinə verdiyi müsahibədə aşağıdakıları söyləyib: «Prezident dedi ki, bu məsələni telefon danışığı zamanı Putinlə müzakirə edib və bundan məyus olduğunu bildirib. Onun sözlərinə görə, Moskva ilə bizim münasibətlərimiz yaxşıdır, Rusiya prezidenti ilə onlar bir-birini başa düşürlər. Amma belə bir məsələdə kompromisə getmək mümkün deyil. Ərdoğan qeyd etdi ki, əgər lazım gəlsə Türkiyə Rusiyadakı səfirini geri çağıra və diplomatik münasibəilərin səviyyəsini aşağı salaraq, baş konsul və ya müvəqqəti işlər vəkili səviyyəsinə gətirə bilər».
Bundan əvvəl «Genosidsiz dünya» adlı axşam tədbirinin iştirakçılarına göndərdiyi teleqramda Rusiya prezidenti Vladimir Putin 24 aprel 1915-ci il tarixini «bəşəriyyət tarixində ən dəhşətli və dramatik olaylarla - erməni xalqının genosidi ilə bağlı matəm tarixi» adlandırıb. Bundan başqa, rusiyalı lider İrəvana səfər edib, «xatirə tədbirləri»nə qatılıb. Dövlət Duması isə öz bəyanatında «erməni genosidinin 100 illik yubileyi ilə əlaqədar olaraq, qardaş erməni xalqının və Birinci dünya müharibəsində zərər çəkmiş digər xalqların dərdinə dərindən şərik çıxdıqlarını» bildirib.
Bunun ardınca, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, Putinin Ermənistana bu səfəri Moskva və Ankara arasındakı münasibətlərə, xüsusilə də «Türk axını» qaz kəmərinin tikintisinə təsir edə biməz. Peskovun sözlərinə görə, Rusiya və Türkiyə dövlətləri arasında sıx həmkarlıq münasibətləri mövcuddur və bu münasibətlər çox möhkəm qarşılıqlı faydalı iqtisadi əməkdaşlığa söykənir.
AzPolitika.info


Şərhlər