Menu

Yazıq özbək, yazıq qırğız...

10.05.2015, 01:07
Yazıq özbək, yazıq qırğız...

Kim daha uca səslə «Hayl Putin» bağırdı?..

Xəbər verildiyi kimi, mayın 8-də Moskva şəhərində MDB dövlətləri başçılarının qeyri-formal sammiti keçirilib və adəti üzrə olduğu kimi, bu tədbirdə də qeyri-rus (qeyri-slavyan) liderlər «gül vurublar». Əhsən, heç bir irad ola bilməz - heyran qalmaqdan, mat-məəttəl baxıb da, gözlərini döyməkdən başqa bir əlac qalmır.

Artıq oxuculara məlumdur ki, sammitdə Qırğızıstan kimi qüdrətli bir dövlətin çox həşəmətli başçısı çıxış yaparaq, sammitə qatılmayan MDB-çiləri tənqid atəşinə tutub, onları «müharibə etmiş atalara, oğullara, analara və nənələrə (az qalıram qışqıram ki, ayə, dayılar, əmilər, xalalar, bibilər yaddan çıxdı, amandı!) sayğısızlıqda ittiham edib. Tələsik də, girəvə ikən «Böyük Vətən müharibəsi»ndə qırğız xaqlının yaxından iştirak edib, xeyli tələfat verdiyi»ni iştirakçıların bir növ, «gözünə soxmaq» cəhdi göstərib.

Fəqət, hörmətli Almazbəy heç düşünmədi ki, sammitdə ondan qat-qat təcrübəli və «bicok» siyasətçilər oturublar və hər kəlmədə «min məna» axtarırlar. Qırğızıstan prezidenti çıxışını bitirər-bitirməz, qüdrətli qardaşımız Özbəkistanın əbədi-həşəmətli prezidenti İslam baba lap «haqq aşığı» sayaq, aldı görək nə dedi - sədəfli sazını (yəni ki, «dombra»nı) bağrına basıb, Almazbəyi «yuyub sərib». Başa salıb ki, bu «Vətən müharibəsi»ndə bir millətin iştirakını qabardıb, digərlərinin xidmətlərinin üstündən xətt çəkmək olmaz - qoymarıq ki, kimsə belə xam xəyallara düşsün və s.

Fağır Almazbəy də peşiman-peşiman, İslam babanın sözünü kəsərək, «Axı mən neylədim eeee? Fikrimi söylədim dəəə...» - deyə, gileylənib. İslam baba da onu dərhal yerində oturdub: «Sənin fikrini biz çoxdan bilirik...».

Nursultan əkə də bəzi işlərdən narazılığını bildirib. Deyib ki, bu müharibənin tarixini təzədən yazmaq istəyənlər var - buna yol vermək olmaz. Yəni ki, qoy adı eləcə «Böyük Vətən müharibəsi» olaraq, qalsın.

Vallah, indi qalmışam belə - düşünürəm ki, Qırğızıstan hara, Özbəkistan hara, Qazaxıstan hara, İkinci dünya müharibəsi hara?! Məgər, o zaman adını çəkdiyim bu ölkələrdə müharibə olub?

Qısası, bu türksoylular (qeyri slavyanlar) elə qaraqışqırıq salıblar ki, bilmədim, ağlayım, ya gülüm? Elə bil bu zavallılar yaltaqlıq yarışına çıxıbmışlar - məsələn, kim daha orijinal, daha peşəkar, daha məhsuldar yaltaqlıq yapacaq.

Bir filmdə «Hayl Hitler» üzrə dünya çempionatı keçirildiyi kimi, sanki MDB sammitində də bizim hörmətli liderlərimiz «Hayl Putin» üzrə Avrasiya çempionatında iştirak edirlərmiş - hər kəs «çempion» olmaq üçün daha hündürdən «Hayl Putin» bağırmağa çalışırmış.

Yazıq özbək, yazıq qırğız...

Mirzə AĞ

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol