Bakının ictimai nəqliyyatında gediş haqqı artırılmayacaq.
Bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq "Nəqliyyat, tranzit və logistika" və 5-ci Yubiley Xəzər Beynəlxalq "Yol infrastrukturu və ictimai nəqliyyat" sərgisində bildirib.
Onun sözlərinə əsasən, tariflərin artırılması nazirliyin planlarına daxil deyil: "Nəzərə alsaq ki, gediş haqqı dövlət tərəfindən tənzimlənir, ictimai nəqliyyatda qiymət artımını gözləməyə dəyməz".
Musa Pənahov qeyd edib ki, “BakuBus” MMC-nin təklif etdiyi sərnişindaşıma xidmətləri mövcud tariflərə uyğun tənzimlənəcək.
“İctimai nəqliyyatda bütün qiymətlər dövlət tərəfindən tənzimlənir və “BakuBus” MMC bu qiymətlərə uyğun fəaliyyət göstərəcək. Sadəcə hər kəs bilməlidir ki, bu avtobuslar ən müasir avtobuslardır. Vətəndaşlardan da xahişimiz budur ki, bu avtobuslarla çox diqqətli davransınlar. Tariflər isə eynidir və heç bir dəyişiklik olmayacaq”, - deyə M. Pənahov bildirib.
Musa Pənahov bildirib ki, “Şəhər nəqliyyatında vahid kart sisteminin tətbiqinə I Avropa Oyunlarından sonra başlanılacaq”.
Nazir müavini vurğulayıb ki, Bakı metrosunda artıq vahid kart sisteminin tətbiqi ilə bağlı işlər yekunlaşıb.
“Bu sahədə müvafiq işlər görülüb. Proqram təminatı, prosesinq mərkəzinin yaradılması, vətəndaşlara kartların verilməsi, onların doldurulması məsələləri artıq öz həllini tapıb. I Avropa Oyunlarından sonra vahid kart sisteminin tətbiqinə addım-addım başlanılacaq”, - deyə M. Pənahov qeyd edib.
Nazir müavini deyib ki, köhnə kartlara sahib olan vətəndaşlar istədiyi vaxt kartı yenisi ilə əvəz edə bilər.


Şərhlər