Əməliyyatlara, eyni zamanda, Hizbullah əsgərləri də dəstək olublar
Suriya hərbi qüvvələri Qələmun regionunda əl-Qaidə qruplaşmasının bir qolu olan Nüsrə Cəbhəsinə qarşı irimiqyaslı əməliyyatlar keçirib.
ANS PRESS-in məlumatına görə, əməliyyatlara, eyni zamanda, Hizbullah əsgərləri də dəstək olublar. Hərbi qüvvələr iriçaplı silahlarla Nüsrə Cəbhəsinin mövqelərini atəşə tutublar. Əsasən, Musa Təpəliyi uğrunda ciddi döyüşlər gedib. Rəsmi Dəməşq əməliyyatların uğurla nəticələndiyini və bölgənin silahlılardan təmizləndiyini bildirib.
Musa Təpəliyi adlanan bölgə strateji cəhətdən vacib mövqe hesab olunur. Hökumət qüvvələri bu bölgə üzərində nəzarəti bərpa etməklə atış məsafəsində üstünlüyü ələ aldıqlarını bildiriblər.
Hərbi rəhbərlik buradan silahlıların yaratdığı bütün sipərləri məhv edəcəklərini qeyd ediblər.
Musa Təpəliyinin geri alınması Suriya ordusunun silahlılar üzərində uzun müddətdən sonra ilk uğurudur. Hökumət qüvvələri sonuncu dəfə İdlib və Dəraa vilayətlərində gedən döyüşlərdə silahlılara məğlub olmuşdu.
Suriyada 2011-ci ildən indiyə qədər döyüşlər nəticəsində 220 mindən çox insan öldürülüb.


Şərhlər