Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov «Bandotdel»ə aparılıb
“Cahangir Hacıyev işi” ilə bağlı həbslər davam edir. Dünən daha bir nəfər DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Bu, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynovdur.
Redaksiyamıza daxil olan məlumata görə, Dubayda imiş. Onu Bakıya çağıraraq həbs ediblər.
Məlumat üçün deyək ki, Adil Hüseynov DIN-in keçmiş baş əməliyyat müvəkkili, adam oğurluğu və digər ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov tərəfindən qətlə yetirilən “Qara polkovnik” kimi Fətullah Hüseynovun oğludur.

Strateq.az saytı məsələ ilə bağlı Adil Hüseynovun yaxınları ilə əlaqə saxlayıb. Qohumları bildirib ki, Adil Hüseynovun evində axtarış aparılması xəbəri yalandır: "Adil müəllim Beynəlxalq Bankın Dubay filialının rəhbəridir. O, sadəcə istintaq üçün lazım olan məsələlərin dəqiqləşdirilməsi üçün Bakıya dəvət edilib. Həbs olunması və evində axtarış aparılması haqda xəbərlər doğru deyil".
Ancaq Adil Hüseynovun vəkili Kamandar Nəsibov faktı İnterpress.az-a təsdiqləyib.
Vəkil bildirib ki, Adil Hüseynov artıq 2 gündür ki, DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (“bandotdel”)də saxlanılır: “Adil Hüseynovu qanunsuz olaraq 2 gündür ki, orda saxlayırlar. Vəkili olaraq mənim onunla görüş haqqım var, ancaq görüşə imkan verilmir. Mənzilində axtarış aparanda mənə xanımı zəng etdi. Mən gedəndə artıq axtarış başlamışdı. Mənzildən qızıl zinət əşyaları və sənədlər götürülüb. Bununla bağlı baş prokurora, “bandotdel”in rəisinə mütaciət etmişəm”.
APA-ya açıqlamasında isə Adil Hüseynovun vəkili Kamandar Nəsibov bildirib ki, müvəkkili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub: “Onun evində axtarış aparıblar, lakin barəsində hələ ki, həbs qətimkan tədbiri seçilməyib. Adil Hüseynovun saxlanmasına səbəb Dubayda xarici şirkətlərdən birinin meneceri olmasıdır. Həmin şirkət bankdan kredit götürüb və qaytarmayıb. Ona görə Adil Hüseynovu da saxlayıblar”.
Vəkili A. Hüseynovun Beynəlxalq Bankın Dubay filialının rəhbəri olması barədə məlumatsız olduğunu da deyib. O, A. Hüseynovun aeroportda saxlanması barədə yayılan məlumatların əsassız olduğunu da bildirib.
* * *
Son məlumalara görə, Hacı Məmmədovun bandası tərəfindən qətlə yetirilmiş polkovnik Fətulla Hüseynovun oğlu Adil Hüseynov 318 milyon dolları mənimsəməkdə ittiham olunur. Bunu virtualaz.org saytına açıqlamasında vəkil Kamandar Nəsibov deyib.
Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs - Adil Hüseynov barədə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
VAQİF
AzPolitika.info


Şərhlər