Menu

Kiprdə türklər və yunanlar viza rejimini ləğv ediblər

15.05.2015, 22:00

Kıprısın türk və yunan kəsimlərinin qarşılıqlı gediş-gəliş şərtləri sadələşdirilib. Türkiyə mediası yazır ki, Quzey Kıbrıs Türk Cümhuriyyətindən adanın yunan tərəfinə, eyni zamanda yunan tərəfdən QKTC-ya keçiddə viza sistemi ləğv edilib. Qərar mayın 16-dan qüvvədə olacaq.

Hökumətlərin qərarına görə, bundan sonra vətəndaşlar sadəcə pasportlarını təqdim etməklə qarşı tərəfə keçmək hüququ əldə ediblər. İki tərəfi ayıran barrikadaları nəqliyyat vasitələri ilə keçmək istəyənlər də bundan öncəki kimi maşından düşmək məcburiyyətində qalmayacaqlar.

İki həftə öncə QKTC-nin prezidenti seçilən Mustafa Akıncı bu qərarla türk və yunan kəsimlər arasında yaxınlaşma meyllərinin güclənməsinə çalışacağı haqqında vədini qismən yerinə yetirmiş olub.

Yada salaq ki, sol görüşlü Akıncı seçkidən sonra QKTC ilə Türkiyə arasında ana vətən-yavru vətən münasibətlərinə son verilməsi, bərabərhüquqlu münasibətlər qurulması, adanın yunan və türk kəsimləri arasında münasibətlərin dərinləşməsi üçün böyük açılım edəcəyi vədi vermişdi.

Birləşmiş Millətlər Təşkilatı baş katibinin Kıbrıs müşaviri Eide vizaların qarşılıqlı ləğvini xoşniyyətli addım adlandırıb: “Yunan tərəfin minaları təmizləməsi, türk kəsiminin isə vizaların qarşılıqlı götürülməsinə müsbət yanaşması olduqca müsbət addımlardır”.

QKTC-nin baş naziri Özkan Yorğancıoğlu qərarla bağlı açıqlamasında məsələ ilə bağlı uzunmüddətli bir proses getdiyini bildirib: “Vətəndaşların sərbəst gediş-gəlişinin təmin edilməsi üçün hazırlıqlar xeyli müddətdir başlamışdı. QKTC prezidenti Mustafa Akıncı və yunan kəsiminin lideri Nikos Anastasiadis arasında keçirilən görüşdə nəhayət bu qərar qəbul edildi”.

Ekspertlər Mustafa Akıncının bu qərarının Levkoşa ilə Ankara arasında ciddi gərginlik yaradacağını proqnozlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol