Rusiya KİV-nin məlumatına görə, Türkiyə 2021-ci ildə NATO-nun «Nizə tiyəsi» adlı çevik qüvvələrinə başçılıq etmək istəyir. Bu fikri dünən Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Tanju Bilgic səsləndirib (RİA Novosti).
Ötən il NATO-nun Uelsdə keçirilmiş sammitində alyansın, münaqişə bölgəsində 48 saat ərzində yerləşmək bacarığına malik «Nizə tiyəsi» adlı qruplaşmasının yaradıldığı elan edilib. Bu həftə NATO ölkələri xarici işlər nazirlərinin Antalyada (Türkiyə) keçirilən görüşündə isə məlum olub ki, Türkiyə bu birləşməyə daxil olan 7 dövlətdən biri olmaq barəqə qərar verib.
Ankarada keçirilən brifinqdə Bilgic bu barədə deyib: «Yeni təhlükələrə qarşı tez və qətiyyətlə reaksiya verilməsi istiqamətində NATO-nun hazırlığının təmin edilməsi planı Uelsdəki sammitin ən konkret nəticələrindən biri oldu. Bu plan çərçivəsində Avropa ətrafında yaranan yeni təhlükələrin dəf olunması nəzərdə tutulur. Bu istiqamətdə vacib aksiyalardan biri qismində çevik qüvvələr qruplaşmasının yaradılması nəzərdə tutulur. NATO ölkələri XİN başçılarının Antalya görüşündə Türkiyə 2021-ci ildə bu qruplaşmaya rəhbərlik etmək barədə sifariş verib...».
Antalya görüşündə NATO Baş katibi Yens Stoltenberq qeyd edib ki, yeni təhlükə və çağırışlar şəraitində alyansın gücünün artırılması vacib məsələdir. Bu çağırış və təhlükə sırasında o, yenidən Rusiyanın yer aldığını önə çəkib.
NATO eyni zamanda, Yaxın Şərqdən və Şimali Afrikadan gözlənilən təhlükələrə də çevik reaksiya verilməsinin vacibliyini bəyan edib.
AzPolitika.info


Şərhlər