“Moskva İrəvanın Avropa istiqamətində istənilən təşəbbüsünə şübhə ilə yanaşır – istər bu, adicə səfər olsun, istərsə də hansısa anlaşma və ya ələlxüsus, bu anlaşmanın imzalanması”. Musavat.com-un məlumatına görə, bu sözləri “Exo Moskvı” radiosunun eksperti, rusiyalı müxalif siyasi xadim Andrey Piontkovski “168 jam” qəzetinə müsahibəsində Ermənistanın Riqada Avropa Birliyinin sammiti çərçivəsində hansısa sənədi imzalamasının mümkünlüyü haqda sualı cavablandırarkən deyib.
Ekspertin əminliyinə görə, hansısa belə sənədi imzalamazdan öncə Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya gəlib mütləq prezident Vladimir Putindən razılıq almalıdır.
“Ümumiyyətlə, Ermənistan müstəqil xarici siyasət yürütmək imkanından məhrumdur. Bu siyasəti Moskva müəyyən edir. Yəni bu halda istənilən ssenariyə hazır olmaq lazımdır, əsasən də buna: əgər Putin icazə versə, Sərkisyan sənəd imzalayacaq, verməsə - yox, necə ki, üzərində illərlə iş gedən Avropa Birliyi ilə assosiasiya sənədi imzalanmadı”, - deyə qeyd edib Piontkovski.
Onun sözlərinə görə, İrəvanın xarici siyasət kursunda Kremlin rüsxəti olmadan hansısa dəyişikliklər mümkün deyil və çətin ki, Riqa sammiti və ya İrəvan-Brüssel münasibətləri istisna təşkil eləsin.


Şərhlər