Avropa miqrant axını davam edir
Rusiya KİV-nin Avropa diplomatik mənbələrinə istinadla yaydığı məlumata görə, Avropa İttifaqının (Aİ) cənub dəniz sərhədlərinin monitorinqi üzrə hərbi-dəniz missiyasının Aralıq dənizindəki iştirakçıları həm də miqrantların xilası işləri ilə məşğul olacaqlar («TASS»).
Məlumata görə, «Aİ-nın gələcək hərbi-dəniz missiyası hazırda müzakirə edilir». Miqrantları daşıyan gəmilərin qəzaya uğraması hallarında sözsüz ki, dənizçilər onlara kömək göstərəcəklər.
Mənbənin sözlərinə görə, hazırda miqrant daşıyan gəmilərin məhv edilməsi məsələsi gündəmdə deyil. Bu tədbir gəmilərin mülkiyyət forması və hansı bayraq altında üzməsi nüanslarından dolayı, xeyli mürəkkəb hüquqi məqamlarla mürəkkəb hala gəlir. Böyük ehtimalla, missiyanın mandatı şübhəli gəmilərin həbs olunmasını nəzərdə tutacaq. Bunun üçün BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında beynəlxalq səlahiyyətlər əldə etmək lazım gələcək. Hazırda sənəd müzakirə mərhələsindədir. Mənbə onu da deyib ki, Avropa İttifaqı ölkələri miqrantlarla mübarizə əməliyyatlarının qurudakı komponentlərini istisna edirlər. Bundan başqa, əməliyyatların coğrafiyası Liviyanın ərazi sularını əhatə etməyəcək.
Bundan əvvəl diplomatik mənbə xəbər vermişdi ki, Aİ Hərbi-dəniz qüvvələrinin Aralıq dənizində EUNAVFOR MED şərti adlı əməliyyatlara başlanmasını artıq yayın birinci yarısında, mandat əldə ediləndən sonra gözləmək olar: «Missiyanın məqsədi Avropa İttifaqının cənub dəniz sərhədlərinin monitorinqi və Aralıq dənizi istiqamətindən miqrasiya axınları üzərində nəzarəti təmin etməkdən ibarətdir...». Onun sözlərinə görə, Aİ dəniz qruplaşmasının əsasını müşahidə təyyarə və vertolyotları ilə təchiz olunmuş freqatlar təşkil edəcək.
Cənubi Avropa ölkələrində miqrasiya üzrə vəziyyət kritikdir. Hazırda təkcə İtaliyaya gün ərzində dəniz yolu ilə 500 nəfərə yaxın miqrant gəlir. Aİ sərhədlərin mühafizəsi üzrə agentliyinin (Frontex) məlumatına görə, 2014-cü ildə Avropaya miqrant axını 170 min nəfər təşkil edib. Bu zaman Aralıq dənizində həlak olan miqrantların sayı minlərlə hesablanır. Beynəlxalq miqrasiya təşkilatının məlumatına görə, təkcə cari ilin əvvəlindən Aralıq dənizində boğulan qaçqınların sayı 1,8 min nəfər təşkil edir.
Miqrantların Avropaya göndərildiyi əsas məntəqə Liviya hesab olunur. 2011-ci il hadisələrindən sonra bu ölkə permanent vətəndaş müharibəsi şəraitindədir. Onun ərazilərinə və sahil sularına mərkəzi hakimiyyət tərəfindən nəzarət olunmur. Bu da ölkədə hər cür kriminal biznesin, o cümlədən, insanların qeyri-leqal trafikinin çiçəklənməsinə şərait yaradır.
AzPolitika.info


Şərhlər