Xarici KİV-lər xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun Misirin sabiq prezidenti Mühəmməd Mursi və «Müsəlman qardaşları»nın liderləri barəsində məhkəmənin çıxardığı ölüm hökmünü böyük narahatlıqla qarşılayıb. Baş katib xatırladıb ki, rəhbərlik etdiyi beynəlxalq təşkilat prinsipial olaraq, cəza qismində ölüm hökmünün əleyhinədir («TASS»).
Bu barədə Baş katibin rəsmi nümayəndəsi Fərhan Xan deyib: «Baş katib Misirin sabiq prezidenti Mühəmməd Mursi barədə çıxarılmış ölüm hökmü xəbərini ciddi narahatlıqla qəbul etdi. O, ölüm hökmü barədə BMT-nin əks mövqeyini bir daha təsdiqlədi. Baş katib anlayır ki, hökmə appelyasiya şikayəti ilə etiraz etmək olar. O, prosesləri diqqətlə izləyəcək... »
Artıq xəbər verilib ki, mayın 16-da Misirin sabiq prezidenti Mühəmməd Mursi barəsində 2011-ci ildə məhbəsdən qaçdığına görə, ölüm hökmü çıxarılıb. Ölkədə qüvvədə olan hüquq praktikasına əsasən, sənəd təsdiq olunmaq üçün Misirin ali müftisinə göndərilib. İş üzrə yekun hökm iyunun 2-də elan olunacaq.
Eks-prezident Mühəmməd Mursi 2013-cü ilin iyulunda hərbçilər tərəfindən hakimiyyətdən kənarlaşdırılıb, sonra isə həbs edilib. O isə barəsindəki bütün ittihamları rədd edir.
AzPolitika.info


Şərhlər