Rusiya KİV-nin yaydığı məlumata görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Pan Gi Mun mayın 21-də Koreya Xalq Demokratik Respublikasının (KXDR) cənubunda yerləşən Keson birgə industrial bölgəsinə səfər etməyi planlaşdırır. Bu, son 20 ildə BMT rəhbərinin bu ölkəyə ilk səfəridir (Rosbalt).
«Renxal» Agentliyinin Cənubi Koreya xarici işlər nazirliyinə istinadla yaydığı məlumata görə, BMT Baş katibi Cənubi Koreya şirkətlərinə baş çəkməyi və sənaye zonasında istehsalla məşğul olan şimali koreyalı fəhlələrlə görüşməyi planlaşdırır.
Xatırladaq ki, bundan əvvəl Pan Gi Mun bölgədə gərginliyin artması ilə əlaqədar olaraq, ehtiyac yaranacağı təqdirdə, Şimali Koreyaya səfər etməyə hazır olduğunu bildirmişdi. Asiya ölkələri liderlərinin Seulda keçirilən konfransında o, demişdi: «Əgər, mənim səfərim faydalı olacaqsa, Pxenyana səfər etməyə hazır olduğumu bildirirəm...».
Baş katib xatırladıb ki, KXDR BMT-nin üzvüdür və siyasi və humanitar məsələləri bir-birindən ayırmaq lazımdır. Baş katib dünya ictimaiyyətini Şimali Koreyadakı humanitar vəziyyətə - uşaqların xroniki qida çatışmazlığından əziyyət çəkməsinə diqqət yetirməyə çağırıb.
AzPolitika.info


Şərhlər