""BP-Azərbaycan" şirkətinin rəsmi koordinatoru Faiq Bağırovla Ucar Rayon İcra Hakimiyyətinin Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifov əlbir olaraq, vəzifə səlahiyyətlərindən və savadsızlığımzdan sui-istifadə edib, bizə düşəcək kompensasiyanı saxtakarlıqla qohumum Məmmədova Mənsurə Ərrəhman qızına verilməsini təşkil etmişlər". Bu fikirlər Ucar rayonu Ramal kəndi sakini Məmmədov Məhəmmədiyyə Bəxtiyar oğlu tərəfindən "AzPolitika.info"ya göndərilən şikayət məktubundandır.
Məktubu qısa ixtisar və zəruri redaktə ilə dərc edirik: "Ucar rayonu Aqrar İslahatlar Komissiyasının 1998-ci il 15 aprel tarixli 05 nömrəli qərarı ilə bizim ailəyə 4.85 hektar pay torpaq sahəsi verilmişdir. Həmin vaxt ailə başçısı mən göstərilməklə böyük oğlum Etibar, onun həyat yoldaşı və iki övladına da torpaq sahəsi ayrılmışdı. Ancaq buna dair dövlət aktı ümumi tərtib edilmişdir. Sonradan oğlum ev tikdirib ailəsi ilə birgə yaşamasına baxmayaraq, pay torpaqlarımız bir olmuş, bölünməmişdir. Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) Lahiyəsi üçün torpağın ilkin ayrilması üzrə dövlət və mülkiyyətçi arasında anlaşma memorandumu imzalanan vaxt bizi aldatdılar."BP-Azərbaycan" şirkətinin rəsmi koordinatoru Faiq Bağırov və Ucar Rayon İcra Hakimiyyətinin Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifov əlbir olub mənə dedilər ki, bu müqaviləyə imza atmasanız torpağınızı əlinizdən alıb bələdiyyənin mülkiyyətinə verəcəyik. Bizim savdasızlığımızdan və vəzifə səlahiyyətlərindən sui-istifadə edib, hədə-qorxu ilə saxta sənədə imza etdirdilər.

Mənim 81 yaşım var, 7 nəfərdən ibarət ailəmizə məxsus pay torpaq sahəmə görə ayrılmış 8.000 manat kompensasiyanın bizə verilməməsi cinayətdir. Bunu da adlarını göstərdiyim vəzifəli şəxslər ediblər. Buna kim inanar ki, 8000 manat kompensasiyanın qohumumun almasına pula ehtiyacı olan kasıb ailə razı olsun?
Bu saxtakarlığı edən Ucar Rayon İcra Hakimiyyətinin Ramal kənd üzrə nümayəndəsi Rahib Şərifov kompensasiyanı almış gəlinim Mənsurə Məmmədovanın yaxın qohumudur. Mənim oğlum Etibar dünyasını 2005-ci il tarixdə dəyişib, iki böyük övladı var. Düzdür bu kompensasiyanın yarısı onlarındır. Ancaq bizə çatacaq hissəsinin də onlara saxtakarlıqla verilməsi cinayətdir. Rahib Şərifovun saxtakarlığı iki qohumu üz-üzə qoyub."BP-Azərbaycan" şirkətinin rəsmi koordinatoru Faiq Bağırov isə saxta sənədlərlə yerli camaatı aldadıb, kompensasiyaların məbləğini azaldıb özü mənimsəyir.
Onun bu əməlləri xüsusi komissiya tərəfindən araşdırılıb qanunu tədbirlər görülməlidir. Bizim ailə bu saxtakarlıq, özbaşınalıq faktı ilə əlaqədar Prezidentə, Mehriban xanıma, ARDNŞ-nin Prezidenti cənab Rövnəq Abdullayevə və "BP-Azərbaycan" şirkətinin rəhbərliyiinə şikayət ərizəsi ilə müraciət etmişik. Mətbuat vasitəsi ilə həmin hörmətli şəxslərdən xahiş edirəm bu saxtakarlıq faktını araşdırıb qanunu tədbirlər görsünlər".
P.S. Məktubda adları çəkilən şəxsıərin də mövqeyini dərc etməyə hazırıq.



Şərhlər