Menu

Rusiyaya ərzaq idxalı kəskin azalıb - STATİSTİKA

30.05.2015, 16:45
Rusiyaya ərzaq idxalı kəskin azalıb - STATİSTİKA

Rusiyanın statistika idarəsi «Rosstat» xəbər verir ki, 2015-ci ilin birinci rübünün yekunlarına görə, Rusiyaya ərzaq məhsullarının idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,9 faiz azalıb. Pul ifadəsi ilə idxal həcmi 5,9 milyard dollar təşkil edib (Lenta.ru).

Xəbərdə deyilir ki, sözügedən dövrdə Rusiya Federasiyasına kərə yağının idxalı 70,4 faiz, pendir idxalı 64,3 faiz, balıq idxalı 51,9 faiz, ət idxalı 49,3 faiz, süd idxalı 30,9 faiz, soğan və sarımsaq idxalı 37,0 faiz, xiyar idxalı 32,5 faiz, kələm idxalı 28,6 faiz, pomidor (tomat) idxalı 20,4 faiz azalıb. Bununla yanaşı, palma yağı idxalı 24,1 faiz artıb.

2015-ci ilin yanvar-mart ayları ərzində Rusiyanın ümumi xarici ticarət dövriyyəsi 132,0 milyard dollar təşkil edib (buraya bütün kateqoriya məhsulların, o cümlədən, qeyri-ərzaq məhsullarının idxal-ixracı daxildir). Bu göstərici 30,4 faiz azalıb. Sözügedən dövrdə Avropa İttifaqı 59,9 milyard dollar dövriyyəsi ilə Rusiyanın nəhəng ticarət tərəfdaşına çevrilib. Bunun 11,3 milyard dolları Niderlandın, 11,2 milyard dolları Almaniyanın payına düşür. Ötən dövrdə ABŞ-la ticarətin həcmi 5,3 milyard dollar, Çinlə 15,3 milyard dollar təşkil edib. Ukrayna ilə dövriyyə isə 57,6 faiz düşərək, 3,7 milyard dollara enib.

Ötən ilin avqustunda Rusiya Avropa İttifaqından, Avstraliyadan, Kanadadan, Norveçdən və ABŞ-dan ət məhsulları, meyvə-tərəvəz, dəniz məhsulları və soyudulmuş balıq, süd və süd məhsullarının idxalını qadağan edib. Bu embarqo Ukrayna hadisələrinə görə, Rusiyaya qarşı tətbiq olunan bəzi məhdudiyyətlərə ölkənin cavab reaksiyasıdır.

Bu qərardan sonra hökumət idxalın əvəzlənməsi kursuna - xarici məhsulların tədricən yerli məhsullarla əvəz olunması kursuna start verib. Rusiya Sənaye və Ticarət nazirliyinin başçısı Denis Manturovun məlumatına görə, ötən dövr ərzində «idxal əvəzlənməsi»nin bütün layihələri üzrə toplam dəyəri 2,5 trilyon rubla bərabərdir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol